Azərbaycanın və Koreyanın təhsil nazirlikləri məktəbdə İKT avadanlıqları ilə təmin olunmuş tədris otağı açıb

Azərbaycanın və Koreyanın təhsil nazirlikləri məktəbdə İKT avadanlıqları ilə təmin olunmuş tədris otağı açıb
# 14 yanvar 2014 08:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün akademik Zərifə Əliyeva adına liseydə “İnnovativ informasiya-kommunikasiya texnologiyaları əsaslı pilot tədris otağı” layihəsi çərçivəsində İKT avadanlıqları ilə təmin olunmuş tədris otağının açılış mərasimi keçirilib. APA-nın xəbərinə görə, açılış mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, təhsildə İKT-nin inkişafı, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müasir texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması günün tələbidir. Onun sözlərinə görə, İKT Azərbaycan təhsil sisteminin qarşısında duran əsas prioritet istiqamətlərdən biridir: “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da təhsilin İKT ilə təminatı əsas strateji hədəflərdən biri kimi qarşıya qoyulub. İKT sahəsində real dayanıqlı inkişaf və nailiyyət əldə etmək üçün bu sahədə olan bir sıra işləri paralel görülməlidir. Bunlara İKT sahəsində maddi-texniki bazanın inkişafı, bu sahə üzrə məzmunun yaradılması, resurslar vasitəsilə şagirdə çatdırılması, müəllimlərin İKT-dən istifadə səriştəsinin artırılması daxildir. “İnnovativ informasiya-kommunikasiya texnologiyaları əsaslı pilot tədris otağı” layihəsi çərçivəsində Azərbaycanın orta məktəbində İKT əsaslı tədris otağının yaradılması, bu resurslardan istifadəsinə dair treninqlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir”.

Koreyanın Azərbaycandakı səfiri Çoi Suk bildirib ki, pilot layihə çərçivəsində tədris ocağının yaradılması təhsilin informasiyalaşdırılması sahəsində Koreyanın təcrübəsini Azərbaycanla bölüşməkdir. Onun sözlərinə görə, təhsil sahəsindəki əməkdaşlıq iki ölkə arasında mövcud dostluq əlaqələrini daha da sürətləndirəcək: “Koreya təhsilində davamlı İKT-nin tətbiqi və bunun Azərbaycan təhsilinə tətbiqi yüksək keyfiyyətli insan qaynaqlarının yetişdirilməsinə köməklik edəcək”.

Koreya Təhsil Nazirliyinin nümayəndəsi Vu-Jung Kim layihənin əhəmiyyətindən danışaraq qarşılıqlı əməkdaşlığa dəstək verdiyinə görə Azərbaycanın Təhsil Nazirliyinə təşəkkürlərini çatdırıb.

Qeyd edək ki, liseydə yaradılmış tədris otağı 42 ədəd noutbuk, 1 ədəd böyük ölçülü monitor, 1 ədəd müəllim üçün kompüter, 11 ədəd planşet və digər alətlərlə təchiz olunub. Layihə çərçivəsində məktəbin 40 nəfərlik pedaqoji heyətinə İKT-nin tədrisə tətbiqi ilə bağlı təlim keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR