ARDNŞ prezidenti ali təhsil məktəblərinin tələbələrinə təqaüdlər təqdim edib

ARDNŞ prezidenti ali təhsil məktəblərinin tələbələrinə təqaüdlər təqdim edib
# 27 sentyabr 2013 17:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) Azərbaycan ali təhsil məktəblərinin tələbələrinə təqaüdlərin təqdim olunması mərasimi keçirilib. “APA-Economics”in məlumatına görə, mərasimdə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev şirkətin təqaüdünə layiq görülmüş 141 tələbəni təbrik edib və onların bir qrupuna təqaüdləri (plastik kartları) təqdim edib.

R.Abdullayev bildirilib ki, bu ilin fevral-mart aylarında 2012-2013-cü tədris ili üzrə ölkənin ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün Daxili Təqaüd Proqramına sənəd qəbulu həyata keçirilib: “Müsabiqəyə 2 505 nəfər əlaçı tələbə müraciət edib, onlardan 1 904 nəfəri test imtahanında iştirak etmək hüququ qazanıb”.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilmiş test imtahanı (məntiqi təfəkkür) və ARDNŞ-in Müsabiqə Komissiyasının üzvləri ilə müsahibədə uğur qazanmış 141 tələbə, o cümlədən, Azərbaycan Dövlət Neft Akademiyasının 112, Qafqaz Universitetinin 12, Bakı Dövlət Universitetinin 6, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 6, Azərbaycan Dövlət İqtisad Universitetinin 3, Azərbaycan Dövlət Aqrar Universiteti 1 və Moskva Dövlət Universitetinin Bakı filialının 1 tələbəsi şirkətin təqaüdçüsü adına layiq görülüb. Təqaüdçülərdən 72 nəfər ilk dəfə ARDNŞ-in təqaüdünə layiq görülüb. Təqaüdün aylıq məbləği 100 manat təşkil edir.

R. Abdullayev son illər neft strategiyası çərçivəsində qazanılmış uğurlardan danışıb, bu nailiyyətlərdə ARDNŞ-in rolundan bəhs edib. ARDNŞ prezidenti gənclərin müasir elmi və təcrübi biliklərə həvəsləndirilməsi məqsədi daşıyan Təqaüd Proqramlarının əhəmiyyətini xüsusi vurğulayıb.

O bildirib ki, şirkətin kadr potensialının daha da gücləndirilməsi məqsədi ilə Azərbaycanda neft-qaz ixtisasları üzrə ali təhsil alan tələbələr üçün "Daxili Təqaüd" proqramı çərçivəsində indiyədək 16 seçim müsabiqəsi keçirilib, 12 min nəfərə yaxın əlaçı tələbə iştirak edib: “Onlardan 1 582 nəfəri SOCAR təqaüdünə layiq görülüb. Sevindirici haldır ki, Daxili Təqaüd müsabiqəsində iştirak edən tələbələrin sayı ilbəil artır”.

R. Abdullayev vurğulayıb ki, indiyədək bu proqram üzrə 224 gəncin ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Norveç, Kanada, Türkiyə, Avstriya və başqa ölkələrin ən nüfuzlu universitetlərində təhsili maliyyələşdirilib: “Hazırda 76 təqaüdçümüz təhsilini davam etdirir. 2009-cu ildən etibarən təhsilini təqaüdçü kimi başa vuran məzunlarla yanaşı, təqaüd müsabiqələrində fərqlənənlərə də işə qəbul zamanı üstünlük verilir. İndiyədək 309 nəfər bu yolla işə qəbul olunub ki, onların da 148-i xaricdə təhsilini başa vurmuş tələbələr olub. Yataqxanaya ehtiyacı olanlar yataqxana ilə təmin olunur və mənzil növbəsinə götürülür”.

Hazırda Dövlət Neft Şirkəti üçün müasir tələblərə cavab verən fəhlə kadrlarının hazırlanması məsələsinin aktuallığını önə çəkən R. Abdullayev qeyd edib ki, neft sənayesi üçün lazım olan fəhlə kadrlarının 80%-i ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin nəzdində fəaliyyət göstərən təlim-tədris mərkəzlərində hazırlanır. Onun sözlərinə görə, təkcə 2012-ci ildə 16 min nəfər bu mərkəzlərdə ixtisasartırma kurslarına cəlb olunub”.

Qeyd edək ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov və Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov da iştirak edib. Onlar ARDNŞ-in təqaüdünə layiq görülmüş tələbələrin bir qrupuna təqaüdləri (plastik kartları) təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR