“Gürcüstan Azərbaycanlıları və Qarabağ problemi” mövzusunda dəyirmi masa keçirilib

“Gürcüstan Azərbaycanlıları və Qarabağ problemi” mövzusunda dəyirmi masa keçirilib
# 25 dekabr 2013 09:54 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azad Qarabağ Uğrunda Alyansın təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Gürcüstan Azərbaycanlıları və Qarabağ problemi” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə Gürcüstan və Azərbaycanda fəaliyyət göstərən QHT nümayəndələri, millət vəkilləri, ekspert və mütəxəssislər iştirak ediblər.

Tədbirdə çıxış edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı qeyd edib ki, ötən ay alyans üzvlər Gürcüstana səfər edib və orada yaşayan azərbaycanlıların problemləri ilə tanış olublar. Gürcüstanda yaşayan soydaşlarımızla bağlı ciddi problemlərin olduğunu deyən QAT sədrinin sözlərinə görə, bunlardan biri də Azərbaycanla olan təmaslardır: “Gürcüstandakı soydaşlarımızın maddi, sosial və hüquqi problemləri var. Onlar gürcü məmurları tərəfindən ögey münasibətlə qarşılaşır, hətta ermənilərin ciddi torpaq iddiaları ilə üz-üzə gəlirlər. Eyni zamanda viza rejimin tətbiqi də onların Azərbaycanla təmaslarında məhdudiyyətlər yaradır”.

Sadaxlı Dirçəliş İttifaqının sədri Sabir Mehdiyev hazırda Gürcüstanda yaşayan azərbaycanlıların sayının kəskin azaldığını vurğulayıb: “Bu, həmin yerlərdə azərbaycanlılara qarşı soyuq münasibət, şəraitin olmaması ilə əlaqədardır. Soydaşlarımız yaşayan bölgələrdə böyük erməni proyektləri həyata keçirilir. Torpaqlarımızı işğal etmiş bir millətin Borçalı və digər yerlərdə bazar açması yolverilməzdir”.

Millət vəkili Fazil Mustafa isə Gürcüstan azərbaycanlılarının miqrasiya problemlərindən danışıb. O, qeyd edib ki, Azərbaycanda yaşayan Gürcüstan vətəndaşlarının yaşadıqları yerə qayıtması, maliyyət dəstəyinin göstərilməsi üçün xüsusi fondlar yaradılmalıdır.

Sonda tədbir iştirakçıları adından Gürcüstanda yaşayan azərbaycanlıların problemləri ilə bağlı Azərbaycanın rəsmi orqanlarına müraciət qəbul ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR