Gürcüstanda azərbaycanlıların yaşadığı Sadaxlı kəndinə qaz verilib

Gürcüstanda azərbaycanlıların yaşadığı Sadaxlı kəndinə qaz verilib
# 14 oktyabr 2013 12:42 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Gürcüstanda səfərdədir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, R.Abdullayev bu gün soydaşlarımızın kompakt yaşadığı, Ermənistanla sərhəddə yerləşən və 13 min əhalisi olan Sadaxlı kəndində qaz çəkilişinin açılışını həyata keçirib.

Tədbirdə Gürcüstanın energetika və təbii ehtiyatlar naziri Kaxa Kaladze, ARDNŞ-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, baş nazirin köməkçisi Savalan Mirzəyev, Gürcüstan parlamentinin deputatları, Marneuli rayon rəhbərliyi və digər rəsmi şəxslər iştirak edib. Sadaxlı kəndinin mərkəzində Rövnəq Abdullayev və Kaxa Kaladze məşəli alovlandırıb. Sonra Sadaxlıya verilən ilk qaz kənd sakini Kamal Abdullayevin evində yandırılıb.

Tədbirdə çıxış edən “SOCAR-Gas”ın Marneuli bölməsinin rəhbəri Ayat Qarabağlı Rövnəq Abdullayevə yalnız Sadaxlı kəndində 2 mindən çox, ümumilikdə isə Sadaxlı kənd inzibati ərazisinə daxil olan kəndlərdə 3400-dən çox abonentə qaz veriləcəyini, iki il ərzində hər abonentə 600 laridən çox kredit veriləcəyini bildirib.

Tədbirdən sonra kənd sakinlərinin problemləri ilə maraqlanan R.Abdullayev Sadaxlının sosial şəraitinin daha da yaxşılaşacağını qeyd edib və sakinlərin kəndin daxili yollarına asfalt örtüyü çəkilişi xahişinin də həyata keçiriləcəyini vurğulayıb.

ARDNŞ prezidenti Qurban bayramı münasibətilə kənd sakinlərini təbrik edib. Bu tədbirlərin Qurban bayramı ərəfəsində həyata keçirilməsini əlamətdar hadisə adlandıran R.Abdullayev sərhədyanı kəndlərdə yaşayan soydaşlarımızın rifah halını yaxşılaşdırmaq üçün böyük bir investisiya qoyulduğunu bildirib: “Bu gün biz Sadaxlı kəndinə qaz verdik. Düşünürəm ki, qazın verilməsi kənd sakinlərinə böyük bir töhfədir. Azərbaycan dövləti soydaşlarımızın rifahını yaxşılaşdırmaq üçün böyük proqramlar həyata keçirir. Mən prezidentimizin xeyir-duası ilə bura gəlmişəm və onun bayram təbrikini soydaşlarımıza çatdırdım”.

R.Abdullayev 2014-cü ildə də Gürcüstan hökuməti ilə qazlaşdırma işinin davam edəcəyini bildirib: “Biz Gürcüstan hökuməti ilə danışıqlara əsasən, 180 min abonentə qaz verməyi planlaşdırmışıq və hökumətin xahişi ilə bunu 210 minə çatdıracağıq. Artıq ilin axırına kimi 210 min abonentə qazlaşdırma olacaq və bu sosial investisiyalar davam edəcək. Bildirim ki, biz Gürcüstanın ali məktəblərində təhsil alan 700-ə yaxın azərbaycanlı tələbənin təhsil haqqını və təqaüdlərini ödəyirik. Biz gürcü dilində təhsil alan soydaşlarımıza ona görə kömək edirik ki, onlar Gürcüstan hakimiyyətində azərbaycanlıları təmsil etsinlər”.

Gürcüstanın energetika və təbii ehtiyatlar naziri Kaxa Kaladze jurnalistlərə açıqlamasında Gürcüstanda həyata keçirilən layihələrə görə ARDNŞ rəhbərliyinə təşəkkürünü bildirib: “Bu gün Sadaxlıda qaz açılışını həyata keçirdik. Biz bir ildir ki, hakimiyyətə gəlmişik və ümidvaram ki, bundan sonra da ARDNŞ ilə əməkdaşlığımız davam edəcək və Gürcüstan üçün bir çox layihələr də həyata keçirəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR