ABŞ Dövlət Departamenti: Ərak ağır su nüvə reaktorunun inşası davam etdiriləcək

ABŞ Dövlət Departamenti: Ərak ağır su nüvə reaktorunun inşası davam etdiriləcək
# 28 noyabr 2013 10:42 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Ərak ağır su nüvə reaktorunun inşası davam etdiriləcək”. APA-nın İran mətbuatına istinadən məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Cenifer Psaki bildirib.

Onun sözlərinə görə, sadəcə, reaktorun potensialı artırılmayacaq: “Bu o deməkdir ki, Ərak ağır su nüvə reaktorunda hər hansı nüvə yanacağı istehsal edilməyəcək və heç bir şey quraşdırılmayacaq. Madam ki, bu mərkəzdə nüvə yanacağı istehsal edilməyəcək və reaktorun gələcək fəaliyyəti müəyyənləşdirilməyib, onun tikintisinin davam etdirilməsinə mane olmayacağıq”.

C.Psaki deyib ki, Ərak ağır su nüvə reaktorunun üzərində hər hansı bir fəaliyyət qəbul edilməyəcək və bu nüvə obyekti üçün yanacaq istehsalı istiqamətində heç bir iş görülməyəcək: “Eyni zamanda bu reaktorda heç bir sınaq həyata keçirilməyəcək. İranlılar üçün Ərak ağır su nüvə reaktoru üçün yanacaq istehsal etmək lazımdır. Çünki bu reaktor üçün nüvə yanacağı istehsalının dayandırılması bizim əsas məqsədlərimizdən biri idi. Kifayət qədər yanacaq istehsalı olmadan da həmin nüvə obyektini işə sala bilməzlər”.

Sözçü həmçinin vurğulayıb ki, İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi faydalı olmayacaq: “ABŞ dövlət katibi Con Kerri yaxın günlərdə İrana qarşı yeni sanksiyaların tətbiq edilməsinin tərəfdarı olan senatorlarla görüşəcək. O, senatorlara Cenevrə razılaşmasının detallarını bir videokliplə göstərəcək. Kerri onlara İrana qarşı yeni sanksiyanın tətbiqi ilə bağlı qərar qəbul etmələrinin faydalı olmayacağını söyləyəcək və Cenevrə müzakirələrinin nəticələrini təhlükəyə atacağını izah edəcək. Hesab edirəm ki, İrana qarşı yeni sanksiyanın tətbiqi əks effekt verəcək. Müzakirəçilərə mükəmməl razılaşma əldə etmələri üçün imkan vermək lazımdır”.

C.Psaki bildirib ki, İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasındakı texniki müzakirələr gələcəkdə mütəxəssislər səviyyəsində davam etdiriləcək: “Digər tərəfdən, siyasi müzakirələr də davam etdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR