Azərbaycan parlament nümayəndə heyəti Rusiyaya gedir

Azərbaycan parlament nümayəndə heyəti Rusiyaya gedir
# 22 oktyabr 2013 14:19 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Ərəstun Cavadov, Fəzail Ağamalı və Adil Əliyev Rusiyaya gedirlər.

Milli Məclisdən APA-ya verilən məlumata görə, nümayəndə heyəti MDB PA-nın Daimi komissiyalarında və beynəlxalq konfransda iştirak etmək üçün oktyabrın 23-dən 26-dək Rusiyanın Sankt-Peterburqda səfərdə olacaqlar.

MDB Parlamentlərarası Assambleyasının Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə Daimi komissiyasının iclasında bələdiyyə referendumlarının, seçkilərinin və səsvermənin təşkili və keçirilməsinin ümumi prinsiplərinə dair Tövsiyə layihəsi müzakirəyə çıxarılacaq. Bir sıra model qanunlara baxılacaq, MDB-yə üzv dövlətlərin regionlararası əməkdaşlığına dair Konvensiyanın layihəsi ətrafında fikir mübadiləsi aparılacaq.

MDB PA-nın Nəzarət-büdcə komissiyasının iclasında qurumun maliyyələşdirilməsi məsələsi gündəmdə olacaq. Həmçinin bu komissiyanın 2014-cü ilə dair iş planı nəzərdən keçiriləcək.

“Avropa və MDB dövlətlərinin sosial-iqtisadi inkişafında regional və yerli hakimiyyət orqanlarının rolunun artırılması yolları” mövzusunda beynəlxalq konfransda əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində müzakirələr aparılacaq. Bunun üçün müasir strategiyalardan istifadə edilməsinə, innovasiya texnologiyalarının tətbiqində informasiya mübadiləsinə xüsusi maraq göstəriləcək. Regionlararası və sərhədyanı əməkdaşlıq sahəsində mövcud olan təcrübə, həmçinin perspektivlər müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR