Çaylarda çirklənmə vəziyyətini öyrənmək məqsədilə aparılan növbəti monitorinqin nəticələri açıqlanıb

Çaylarda çirklənmə vəziyyətini öyrənmək məqsədilə aparılan növbəti monitorinqin nəticələri açıqlanıb
# 01 iyul 2013 12:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyun ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyun ayının III ongünlüyündə Kür çayında suyun sərfi ayın II öngünlüyünə nisbətən 110 m3/san azalaraq 138 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib. Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 4, mis birləşmələri 3, Ağstafaçayda fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 2 dəfə normanı ötüb.


İyun ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, Araz çayı üzrə Horadizdə və I Şahsevəndə fenollar 3, mis birləşmələri 2, Bəhramtəpədə isə suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4 dəfə yol verilən həddi keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.44-6.10 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR