Dövlət Komitəsi: Elşad İskəndərovun İranda keçirdiyi görüşlərdə Suriya məsələsi müzakirə olunmayıb

Dövlət Komitəsi: Elşad İskəndərovun İranda keçirdiyi görüşlərdə Suriya məsələsi müzakirə olunmayıb
# 17 sentyabr 2013 15:33 (UTC +04:00)

Bakı – APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti Komitə sədri Elşad İskəndərovun İrana davam edən səfəri ilə bağlı bəzi KİV-də yayılan məlumatı şərh edib.

Dövlət Komitəsindən APA-ya bildirilib ki, səfər çərçivəsində Suriya məsələsi, ümumiyyətlə, müzakirə olunmayıb və bu barədə yazılanlar həqiqətə uyğun deyil: “Elşad İskəndərovun İranın mədəniyyət naziri və Ali Liderin məzhəblərarası yaxınlaşma üzrə müşaviri ilə görüşlərdə dini radikallıq və təkfirçilərlə mübarizənin labüdlüyü haqqında guya səsləndirdiyi fikirlər həqiqətə uyğun deyil”.

Dövlət Komitəsi bildirir ki, göstərilən qurumlar xarici siyasət məsələlərinə heç bir müdaxilə etmirlər: “Bu isə bir daha təsdiq edir ki, Suriyadakı beynəlxalq problem məsələsi, ümumiyyətlə, müzakirə obyekti ola bilməzdi. Sözügedən məlumat istinadsız yayılıb və Azərbaycanın rəsmi mənbələri ilə, o cümlədən DQİDK, XİN və qeyd olunan görüşlərdə iştirak etmiş Azərbaycanın İrandakı diplomatik nümayəndəliyinin rəhbəri ilə dəqiqləşdirilməyib. Baxmayaraq ki, Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri bütün görüşlərdə, o cümlədən adıçəkilən görüşdə E.İskəndərovu müşayiət edib”.

Məlumatda o da qeyd olunur ki, bütün məzhəblərə zidd olan təkfir və dini radikallıq ideologiyası ilə mübarizə dünya ictimaiyyətinin beynəlxalq prioritetləri sırasında yer alır: “Məhz bu amil də Dövlət Komitəsinin sədrinin bütün görüşlərində dəfələrlə qeyd olunub. Sonuncu tezis hətta bu məsələlər ətrafında həqiqətə uyğun olmayan fikirlər yayan, göstərilən dini qruplaşmalarla bilavasitə ünsiyyət quran və onlara rəğbət bəsləyən (bu barədə Dövlət Komitəsi dəqiq məlumata malikdir) KİV təmsilçilərində də şübhə doğurmamalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR