MM-də Xankəndi şəhər İcra Hakimiyyətinin yaradılması təklif olunub

MM-də Xankəndi şəhər İcra Hakimiyyətinin yaradılması təklif olunub
# 17 dekabr 2013 14:30 (UTC +04:00)

APA-nın məlumatına görə, bu təkliflə həmin dairədən seçilən deputat Flora Qasımova çıxış edib.

O qeyd edib ki, 1991-ci ilə, işğala qədər Xankəndi Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olub, ona görə də Xankəndinə respublika tabeli şəhər statusu verilməlidir: “İndiyə qədər Qarabağla bağlı danışıqlarda bu barədə məsələ qaldırılmayıb və Xankəndinin də adı çəkilmir. Bunun əvəzində isə ermənilər şəhərə öz qoyduqları adla - Stepanakertin 90 illiyini qeyd etdilər. Respublikanın mərkəzi kimi Stepanakerti tanıtdılar və sair. Axı həmin yerlər bizim tarixi Qarabağ xanlarının istirahət yeri olub. Mən hesab edirəm ki, bu məsələnin yubanması onunla əlaqədardır ki, Xankəndinin icra strukturları yoxdur. Təklif edirəm ki, Xankəndi üçün icra strukturları yaradılsın”.

Milli Məclisin sədri Oqtay Əsədov isə deputatın qaldırdığı məsələyə münasibət bildirərək, burada həqiqət olduğunu və buna baxılmasının mümkün olduğunu deyib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən də APA-ya bildirilib ki, bu məsələ hüquqi baxımdan heç bir problem yoxdur və təklif layihə formasında təqdim olunan kimi ona baxılacaq: “Xankəndinə şəhər statusu verilə bilər”.

Komitənin üzvü, əslən Şuşadan olan deputat Rövşən Rzayev isə APA-ya açıqlamasında bildirib ki, təklifin hazırlanmasında o da iştirak edəcək: “Biz bunu çoxdan etməliydik. Çünki Xankəndi Qarabağın əlverişli mərkəzlərindən biridir və bu gün orada separatçıların iri qüvvələri cəmləşib. Biz şəhərimizə olduğu kimi sahib çıxmalıyıq”.

R. Rzayev bildirib ki, hazırda Qarabağda yalnız Şuşanın şəhər statusu var.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR