Azərbaycanda dövlət orqanının iradnaməsini nəzərə almayan müəssisələrdə məhsul istehsalı qadağan ediləcək

Azərbaycanda dövlət orqanının iradnaməsini nəzərə almayan müəssisələrdə məhsul istehsalı qadağan ediləcək
# 24 iyun 2014 06:35 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müəssisələrə verilən iradnamədə qeyd edilmiş göstərişlərin müəyyən edilmiş müddət ərzində yerinə yetirilməməsi həmin müəssisələrdə ölçmə vasitələrinin istismarı, istehsalı və satışının və ya məhsulların (işlərin, xidmətlərin) istehsalının və ya satışa buraxılmasının qadağan edilməsi barədə tələbnamələrin verilməsi üçün əsas olacaq.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası”nda əksini tapıb.

Bu qayda mülkiyyət formasından və fəaliyyət sahəsindən asılı olmayaraq, dövlət nəzarətinin aparıldığı obyektlərdə hüquq pozuntuları aşkar edildiyi təqdirdə tətbiq olunur. İradnamə dövlət nəzarəti aparılan zaman müəssisələrdə aradan qaldırılması mümkün olan pozuntular aşkar edildikdə, həmin pozuntuların aradan qaldırılması məqsədi ilə 30 günədək müddət müəyyən edilməklə verilən yazılı göstərişdir.

Məhsullarda texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan, lakin aradan qaldırılması mümkün olan qüsurlar və aradan qaldırılması mümkün olan metroloji qayda və norma pozuntusu aşkar edildikdə Dövlət Komitəsi tərəfindən müəssisələrə iradnamə verilir.

Tələbnamə isə dövlət nəzarəti aparılan zaman insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran və dərhal aradan qaldırılması mümkün olmayan qanun pozuntuları aşkar edildiyi halda, ölçmələr üzrə müəyyən edilmiş məcburi tələblərin pozulması ilə aparılan işlərin, müqayisəli yoxlamadan keçməyən ölçmə vasitələrinin istismarının, metroloji qayda və normalara uyğun olmayan ölçmə vasitələrinin istismarı, istehsalı və satışının və ya qüsurlarının aradan qaldırılması mümkün olmayan məhsulların (işlərin, xidmətlərin) istehsalının və ya satışa buraxılmasının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərardır. Dövlət Komitəsi tərəfindən müəssisələrə tələbnamələr məhsul (iş, xidmət) və ya onun istehsalında istifadə edilən xammal texniki normativ hüquqi aktların tələblərinə cavab vermədikdə, məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə uyğun keyfiyyətdə sabit istehsalına, işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsinə şərait olmadıqda, məhsul (iş, xidmət) standartlaşdırma üzrə texniki normativ hüquqi akt olmadan istehsal edildikdə, nəzarət olunmalı məhsul (iş, xidmət) fiziki və hüquqi şəxslər tərəfindən gizlədildikdə və dövlət nəzarətinin həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş şərait yaradılmadıqda, texniki normativ hüquqi aktların tələblərinin pozulması nəticəsində insan həyatı və ya sağlamlığı, ətraf mühit və dövlətin əmlak maraqları üçün təhlükəli olan məhsullar (işlər, xidmətlər) istehsal edildikdə verilir. Eyni zamanda müəssisələrdə qanunvericiliyə əsasən sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmadan məhsul istehsal edildikdə, məhsulun (işin, xidmətin) standartlaşdırılması qaydaları pozulduqda, ölçmə vasitəsi və ya ölçmələr üzrə aparılan işlər “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunun tələblərinə uyğun olmadıqda da tələbnamə verilir.

Qaydaya əsasən müəssisənin rəhbəri yoxlamanı həyata keçirən səlahiyyətli orqanın vəzifəli şəxslərinin hərəkətlərindən (qərarlarından) inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR