MTN-in Heydər Əliyev adına Akademiyasında “Bilik günü” qeyd olunub

 MTN-in Heydər Əliyev adına Akademiyasında “Bilik günü” qeyd olunub
# 16 sentyabr 2013 15:57 (UTC +04:00)

Bakı-APA. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında “Bilik günü” təntənəli sürətdə qeyd olunub.

MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, tədbir əlaçı kursantların dövlət bayrağını qaldırması və mərasim iştirakçıları tərəfindən Azərbaycan Respublikasının dövlət himninin ifa edilməsi ilə başlanıb.

Tədbirdə Akademiya rəisinin birinci müavini, general-mayor Şahin Sultanov professor-müəllim heyətini və kursantları yeni tədris ilinin başlanması münasibətilə təbrik edib.

General-mayor Ş.Sultanov Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinin ilin ən əlamətdar hadisələrdən biri olduğunu qeyd edib, yubiley tədbirləri çərçivəsində Akademiyanın bir qrup əlaçı kursantına milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov tərəfindən qiymətli xatirə hədiyyələrinin təqdim edildiyini vurğulayıb.

Ş.Sultanov bildirib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və sərəncamı ilə təsis edilmiş Akademiya fəaliyyətə başladığı ilk gündən ulu öndərin ideyalarını yaşadan, onun zəngin irsini qoruyub saxlayan, yeni nəsil zabitləri Azərbaycançılıq ruhunda tərbiyə edən və yetişdirən xüsusi təyinatlı ali təhsil müəssisəsidir.

Bu xüsusi təyinatlı ali təhsil müəssisəsində yaradılmış yüksək şəraitə, daimi diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə Akademiyanın rəhbərliyi və şəxsi heyəti adından dərin minnətdarlıq bildirilib.

Mərasimin sonunda kursantlar yeni biliklərə yiyələnmək üçün marş sədaları altında auditoriyalara yollanmış və Akademiyada tədris prosesinə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR