«Microsoft»a yeni baş direktor təyin olunub

«Microsoft»a yeni baş direktor təyin olunub
# 10 fevral 2014 09:42 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. «Microsoft» Korporasiyası Direktorlar Şurasının qərarı ilə Satya Nadella (Satya Nadella) Korporasiyanın yeni baş direktoru vəzifəsinə təyin edilib. «APA-Economics»in məlumatına görə, o, artıq yeni vəzifəsinin icrasına başlayıb və «Microsoft»un Direktorlar Şurasının üzvü olub. Bundan öncə S.Nadella «Microsoft»un «bulud» sistemləri üzrə bölməsinin icraçı vitse-prezidenti vəzifəsində çalışıb.

Qeyd edək ki, S.Nadella 1992-ci ildən «Microsoft»da çalışır. 46 yaşlı top-menecer korporasiyanın 38 illik tarixində sayca üçüncü baş direktor olacaq. O, karyerasının 22 ili ərzində korporasiyanın «Bing», «Xbox», «Office» və digər sürətlə inkişaf edən bizneslərinin icraçı direktoru vəzifəsində də çalışıb.

«Microsoft» Korporasiyası bildirib ki, Direktorlar Şurasının hazırkı sədri Bill Geyts bu vəzifəni tərk edərək, şirkətdə yeni baş direktorun texniki məsləhətçisi kimi çalışacaq. «Microsoft»un Direktorlar Şurasının sədri vəzifəsinə Şuranın aparıcı müstəqil direktoru olan Con Tompson təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR