Azərbaycanda Tvinninq, TAİEX və SİQMA əməliyyatları ilə bağlı konfrans keçirilib

Azərbaycanda Tvinninq, TAİEX və SİQMA əməliyyatları ilə bağlı konfrans keçirilib
# 13 dekabr 2013 14:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin və "Azərbaycanda Tvinninq, TAİEX və SİQMA əməliyyatlarının tətbiqinə dəstək (İTTSO II)" layihəsinin təşkilatçılığı ilə "Azərbaycanda Tvinninq, TAİEX və SİQMA əməliyyatlarının 6 ili/İTTSO II layihəsinin yekunu" mövzusunda konfrans keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, müvafiq dövlət qurumlarının, Azərbaycanda Tvinninq, TAİEX və SİQMA Alətlərinin Proqram İdarəetmə Qurumunun (PİQ), İTTSO II layihəsinin, Avropa İttifaqı ölkələrinin səfirliklərinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, ölkədə fəaliyyət göstərən digər donor təşkilatların əməkdaşları iştirak edib.

Konfransda çıxış edən nazirliyin şöbə müdiri, PİQ-in direktoru Sahil Babayev Avropa İttifaqının yardım alətlərinin ölkəmizdə tətbiqi və əldə edilmiş uğurlar barədə məlumat verib. O bildirib ki, Azərbaycanda Avropa İttifaqının İnstitusional Quruculuq Proqramları uğurla icra edilir və ölkəmiz bu sahədə, xüsusən tvinninq layihələrinin icrasında regionda liderdir. Azərbaycanda son 6 ildə 30 tvinninq layihəsi üzrə iş aparılıb. 2008-2013-cü illər ərzində 148 TAİEX aləti üzrə müraciət Avropa Komissiyasına təqdim edilib və 12 SİQMA tədbiri icra olunub.

Tədbirdə PİQ, İTTSO II layihəsinin ekspertləri, bir sıra dövlət qurumlarının əməkdaşları tvinninq layihələri üzrə mövcud təcrübələr barədə təqdimatlarla çıxış edib, Türkiyənin Avropa İttifaqı yardımlarının əlaqələndirilməsi üzrə məsul qurumunun rəhbəri Pınar Tanlak isə Türkiyədə Avropa İttifaqının institusional quruculuq proqramlarının icrası barədə məlumat verib.

Qeyd edək ki, "Azərbaycanda Tvinninq, TAİEX və SİQMA əməliyyatlarının tətbiqinə dəstək (İTTSO II)" layihəsinin icrasına 2011-ci ildə başlanılıb. Layihənin əsas benefisiarı İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində fəaliyyət göstərən Avropa İttifaqının yardım alətlərinin Proqram İdarəetmə Qurumudur. Layihənin məqsədi Tvinninq, TAİEX və SİQMA alətləri sahəsində bilik və bacarıqların yüksəldilməsinə dəstək verməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR