“Srvena Zvezda”nın baş məşqçisi: “Azərbaycan klubu digərlərindən çox seçilir”

“Srvena Zvezda”nın baş məşqçisi: “Azərbaycan klubu digərlərindən çox seçilir”
# 22 oktyabr 2013 08:12 (UTC +04:00)

Bakı – APA. “Çempionlar Liqasında zəif rəqib yoxdur. Amma biz iddiamızı ortaya qoyacağıq”. Apasport.az saytının məlumatına görə, bunu Serbiyanın “Srvena Zvezda” voleybol klubunun baş məşqçisi Patko Pavliçeviç deyib.


48 yaşlı mütəxəssis Çempionlar Liqasında “İqtisadçı” ilə bu gün baş tutacaq oyun öncəsi fikirlərini açıqlayıb: “İlk matçımız Azərbaycan təmsilçinə qarşı olacaq. Bu görüş bizim üçün böyük problemə çevriləcək. Çünki rəqib komandanın heyətində əksəriyyəti Asiyadan olmaqla, çox sayda legioner var. Qeyri-avropalılar isə bizə yad olan oyun üslubuna üstünlük verir və belədə onların qarşını almaqda çətinlik yaranır. Mən “İqtisadçı”nın görüşlərinin videoyazısını izləmişəm. Onlar çox sürətli voleybol nümayiş etdirirlər. Bu komanda digərlərindən çox seçilir”.

Pavliçeviçin sözlərinə görə, Bakı təmsilçisinin heyətində Hollandiya millisinin üzvü Manon Flier və 2 amerikalı xüsusilə diqqəti cəlb edir: “Onlardan başqa, bir çox səviyyəli oyunçular da var. Əla komandadır. Lakin səviyyəli ulduzlardan hələ ideal kollektiv formalaşmayıb. Düşünürəm ki, onların oyununu izləməyim işimizə çox yarayacaq. Bu, mənə taktika qurmağa da kömək edəcək. Həmin taktika ilə isə belə yaxşı rəqiblə oyunda işimiz yüngülləşəcək. Ümumilikdə ümid edirik ki, yekunda yaxşı nəticə qazanacağıq. Rəqib nə qədər güclü və təcrübəli olsa da, bütün bacarığımızı ortaya qoyacağıq”.

Qeyd edək ki, Belqradda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR