Sabah Aktauda istehsal və logistika mərkəzinin təməli qoyulacaq

Sabah Aktauda istehsal və logistika mərkəzinin təməli qoyulacaq
# 27 iyun 2014 12:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu-APA-Economics. Sabah iyunun 28-də “Aktau İstehsal və Logistika Mərkəzi”nin təməli qoyulacaq.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə keçiriləcək tədbirdə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

Qeyd edək ki, ötən il Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), “Azərsun Holdinq” şirkəti və Qazaxıstanın “Morport Aktau” Xüsusi İqtisadi Zonası” Səhmdar Cəmiyyəti arasında “Aktau İstehsal və Logistika Mərkəzi” layihəsi üzrə anlaşma memorandumu imzalanıb.

Logistika Mərkəzinin inşası və idarə edilməsi “Azərsun Holdinq” tərəfindən həyata keçiriləcək.

Mərkəzin yaradılması hər iki ölkənin qeyri-neft sektorunun inkişafına, regionun tranzit və ixrac imkanlarının, ölkələrarası iqtisadi münasibətlərin daha da genişləndirilməsinə, ticarət dövriyyəsinin artmasına xidmət edəcək. Layihə Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticarət əlaqələrinin və regionda nəqliyyat infrastrukturunun inkişafı və beynəlxalq yük daşımalarının artırılması baxımından da əhəmiyyətli olacaq.

Bundan başqa, mərkəzin təməlinin qoyulacağı gün Aktauda Azərbaycan və Qazaxıstan iş adamlarının iştirakı ilə biznes forumun təşkili nəzərdə tutulur. Biznes forumda rəsmilərlə yanaşı, sənaye, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən 100-dən artıq iş adamı iştirak edəcək. Biznes forum iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan- Qazaxıstan əməkdaşlığının daha da dərinləşməsinə öz töhfəsini verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR