Azərbaycanda 19 sığorta şirkətinin daxilolmaları azalıb

Azərbaycanda 19 sığorta şirkətinin daxilolmaları azalıb
# 13 iyun 2014 12:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycandakı 28 sığorta şirkətinin 9-da sığorta haqlarının artımı, 19-da isə azalması baş verib. “APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) keçirilən mətbuat konfransında ASA-nın sədri Orxan Bayramov məlumat verib.

O. Bayramov bildirib ki, bu ilin 5 ayında toplanmış sığorta haqlarının həcminə görə, bazarın lideri “Paşa Sığorta” şirkəti olub. Şirkət hesabat dövründə 31 mln. manat sığorta haqqı toplayıb. Toplanmış sığorta haqlarının həcminə görə, “Atəşgah Həyat” şirkəti ikinci yerdə qərarlaşıb - 20,2 mln. manat. 19,5 mln. manatlıq sığorta haqqı yığan “Paşa Həyat” şirkəti isə üçüncü yerdə qərarlaşıb. Sığorta yığımlarının həcminə görə ilk beşliyi “Azərsığorta” DSKŞ (17,4 mln. manat) və “AzSığorta” (15,1 mln. manat) şirkətləri tamamlayır. Ümumilikdə, bazarın yarıdan çoxu, yəni 55,2 %- ilk beşlikdə təmsil olunan şirkətlərin payına düşür.

Ən az sığorta haqqı toplayanlar isə “Azərqarant” (315 min manat), “Əmrah Sığorta” (306 min manat), “Era-Trans” (286 min manat), “Günay Sığorta” (97 min manat), “Çartis Azərbaycan” (39 min manat) və “Royal Sığorta” (2255 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi 1 mln. manatdan bir qədər çox olub və ümumi sığorta yığımlarının 1%-dən daha azını təşkil edib.

Ümumilikdə 28 sığorta şirkətinin 7-də sığorta haqlarının həcmi 10 mln. manatdan artıq, 4 şirkətdə 5-10 mln. manat arasında, 11 şirkətdə 1-5 mln. manat arasında, 6 sığorta şirkətində isə yarım milyon manatdan aşağıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR