Azərbaycan almanın ixrac imkanlarını araşdırır

Azərbaycan almanın ixrac imkanlarını araşdırır
# 29 noyabr 2013 13:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə «Aqrar-sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılması: nailiyyətlər və perspektivlər» mövzusunda tədbir keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyi, ASK, Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, həmçinin regionda fəaliyyət göstərən 300-ə yaxın sahibkar iştirak ediblər.

Tədbir çərçivəsində Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin foyesində sərgi təşkil olunub. Sərgidə müxtəlif yerli alma sortları, regionda istehsal olunan müxtəlif məhsullar, o cümlədən kompot, mürəbbə, tərəvəz marinadları və s., eləcə də Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan inzibati rayonlarla bağlı kitablar nümayiş etdirilib.

Tədbirdə çıxış edən nazir müavini Niyazi Səfərov deyib ki, Quba-Xaçmaz iqtisadi rayonunda aqrar-sənaye inkişaf edir və beynəlxalq standartlara uyğun, yüksək keyfiyyətli aqrar sənaye məhsulları istehsal edən müəssisələr mövcuddur və onların sayı davamlı olaraq artır: «Bu ilin oktyabr ayında Quba rayonunda keçirilmiş «Alma Bayramı»nda və hazırda Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin foyesində təşkil olunmuş sərgidə nümayiş olunan yüksək keyfiyyətli müxtəlif növ yerli alma və almadan hazırlanmış emal məhsulları bunun əyani göstəricisidir. Bununla belə, ölkəmizin təbii-iqlim şəraitinə uyğun olan milli alma sortlarının qorunması, məhsuldar alma sortlarının yetişdirilməsi, alma və almadan hazırlanan məhsulların daxili bazarı təmin etməklə yanaşı, xarici ölkələrə ixrac imkanları artır».

Tədbirdə aqrar-sənayenin inkişafı, istehsal olunan məhsulların rəqabət qabiliyyətliyinin artırılması istiqamətində tədbirlərin davam etdirildiyi və bu sahədə sahibkarlara hər cür dəstək göstərildiyi xüsusi vurğulanıb. Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR