Arzu Kazımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

Arzu Kazımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib
# 25 iyul 2013 13:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə Elşad Abdullayevin bacısının oğlu Azad Mürsəliyev şahid qismində ifadə verib. O, ifadəsində göstərib ki, 2003-cü ildə dayısı Mahirin itkin düşməsindən sonra Daxili İşlər Nazirliyinə müraciət ediblər: “Həmçinin dayımın itkin düşməsi ilə bağlı bir neçə şəxslə görüşümüz də olub. Mənim eşitdiyimə görə, dayım Elşad Abdullayev Zahid Dünyamalıyevə çatdırması üçün Arzu Kazımova 3 milyon manat pul verib. Elşad Abdullayev Azərbaycanı tərk etməzdən əvvəl mənə bildirdib ki, həmin pulların bir hissəsinin əvəzində Arzu Kazımov ona Bakıdan kənarda torpaq sahəsi verib”.

Daha sonra prosesdə “İnşaat Servis-2002” MTK-nın direktoru İbrahim Əmiraslanov şahid qismində ifadə verib. Prosesdə eyni zamanda şahid Nurlan Həsənovun məhkəməyə göndərdiyi teleqram elan olunub. Həmin teleqramda şahid xəstə olduğu üçün məhkəməyə gələ bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirib.

Proses iyulun 31-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, A. Kazımov özünü Mənzil-Tikinti Kooperativinin rəhbəri kimi qələmə verməklə müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olmasını əsas gətirib Mahir Abdullayevi tapa biləcəyi barədə həqiqətə uyğun olmayan yalan vədlər verərək yaxın münasibətlərdə olduğu E. Abdullayevdən ümumilikdə 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirməklə dələduzluq etməkdə təqsirləndirilir.

İstintaqla Arzu Kazımovun törətdiyi cinayətdə hər hansı digər şəxsin, daxili işlər nazirinin sabiq müavini mərhum Zahid Dünyamalıyevin iştirakı müəyyən edilmədiyindən, işin bu hissəsinin cinayət təqibinə xitam verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR