Azərbaycan «passiv evlər»in tikintisinə hazırlaşır - TƏHLİL

Azərbaycan «passiv evlər»in tikintisinə hazırlaşır - <span style="color: red;">TƏHLİL
# 20 may 2013 09:29 (UTC +04:00)

Hazırda Prezident Administrasiyasında baxılan alternativ enerji və enerji effektivliyi ilə bağlı strategiyaya əsasən, ölkədə yeni tikilən binalarda enerji effektivliyi üzrə yeni normativlər tətbiq ediləcək. Yeni standartların tətbiqi enerji itkilərini azaltmaqla yanaşı, ölkədə enerjiyə qənaətə, eləcə də, əhalinin enerji xərclərinin təqribən 30% azalmasına səbəb olacaq.

«İsti qış»da enerji xərci

Çoxmərtəbəli binadakı mənzilini bir neçə ay əvvəl Biləcəri qəsəbəsində yeni tikilən fərdi evə dəyişmiş Aslan Sultanov qış aylarında enerji xərclərinin yüksək olmasından şikayətlənir. «Kombi» sisteminin də qurulmasına baxmayaraq, o qədər də böyük olmayan evi «qızdırmaq» ayda 60-80 manata başa gəlib: «Özü də qış o qədər də soyuq keçmədi. Əgər soyuq keçsə, bu il işıq pulu 100-120 manata qalxacaq». A.Sultanov belə vəziyyətdə olan yeganə şəxs deyil. Bakı ətrafında, paytaxtın özündə, elə digər regionlarda da elektrik enerjisinin böyük hissəsi evlərin qızdırılmasına sərf edilir.

Ən pisi isə odur ki, bu qədər xərcin müqabilində alınan istiliyin yarıdan çoxu evdə qalmır, dərhal kənara dağılır. Bunun qarşısını almaq üçün bir yol var – evin enerji effektivliyini artırmaq.

Enerji effektivliyi nədir?

Sadə desək, binaların enerji effektivliyi – onun istilik saxlamaq qabiliyyətidir. Enerji effektivliyi yüksək olduqca binanı qızdırmaq üçün sərf olunan enerji azalır. Hazırda bütün dünyada enerjiyə qənaət tədbirləri arasında enerji effektivliyi məsələsi mühüm yer tutur.

Azərbaycan kifayət qədər neft-qaz ehtiyatlarına malik olduğuna görə, ilk baxışdan bu problem bizim ölkəyə aid deyil. Lakin Azərbaycanda da enerjinin yarıdan çoxu binaların qızdırılmasına sərf olunur və bu sahədə qənaət ölkənin enerji potensialına böyük dəstək olar. Üstəlik enerji sərfinin aşağı düşməsi əhalinin kommunal xərclərinin də azaldılması deməkdir. Nəticədə, artıq Azərbaycan da enerjinin daxili tələbatını azaltmaq istiqamətində tədbirlər görməyə başlayıb: məqsəd - Azərbaycan da Avropadakı kimi istifadə olunan enerjiyə 20-30% qənaət edilməsidir.

Köhnə tikinti normativləri - enerjini göyə sovururuq

Keçmiş sovet respublikalarının əksəriyyətində olduğu kimi, Azərbaycanda da binaları qızdırmaq üçün verilən istilik enerjisi demək olar ki, havaya sovrulur.

Bakıdakı köhnə və yeni tikilmiş müasir binaların 1 kv. metr yaşayış sahəsinin qızdırılmasına ildə 250 kVt/saat enerji sərf olunur. Özü də sakinlərin soyuqdan qorunmaq üçün gördüyü tədbirlər olmasaydı, enerji itkisi daha böyük ola bilərdi. Müqayisə üçün bildirək ki, iqlimi qat-qat soyuq olan Norveçdə binaları qızdırmaq üçün bundan 2-3 dəfə az enerji kifayət edir.

Enerji itkilərinin əsas səbəblərindən biri tikinti normativlərinin köhnəlməsidir. Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov bunu SSRİ dövründə tikilən binalarda enerji effektivliyinin nəzərə alınmaması ilə izah edir: «Sovet İttifaqında enerji ucuz olduğuna görə, bu məsələyə elə də ciddi yanaşılmayıb və tikinti normalarında enerji effektivliyi məsələsi əksini tapmayıb. Binaların da əksəriyyəti sovet dövründə tikilib». Belə ki, hazırda Azərbaycanda enerji effektivliyi ilə bağlı köhnəlmiş normalar Avropa normalarından 50-200% aşağıdır.

Nəticədə, «Xruşşov», «Stalinka», «Leninqrad» və digər geniş yayılmış layihəli binalarda istiliyin saxlanması müasir tələblərə cavab vermir, onların sakinləri evin qızdırılmasına başqa ölkələrdəkinə nisbətən qat-qat artıq vəsait xərcləyirlər.

Ən pisi odur ki, yeni tikilən binalar da enerji effektivliyi baxımından köhnələrdən çox fərqlənmir. Çünki onlar da hazırda qüvvədə olan köhnə tikinti standartları əsasında inşa olunur. Belə ki, yeni binaların ekspertizası zamanı enerji səmərəliliyini artırmaq üçün görülən tədbirlər «standartlardan kənara çıxmaq», buna çəkilən xərclər isə «layihənin qiymətini əsasız olaraq artırmaq» sayılır. Nəticədə, bu tədbirlərə xərc çəkmək iş adamları üçün sərfəli deyil və müasir tələblərə uyğun binanın inşa edilməsi mümkün olmur. «Hazırda bizim əsas məqsədimiz enerji effektivliyi və ondan səmərəli istifadə baxımından yeni standartlar tətbiq etməkdir. Bununla bağlı kifayət qədər təkliflərimiz var. Yeni standartlar və texnologiyaların tətbiqi hesabına ölkədə enerjiyə azı 30% qənaət etmək olar», - deyə Agentlik rəsmisi vurğulayıb.

Avropa təcrübəsi - «Passiv evlər»lə aktiv qənaət

Ev tikintisi zamanı enerji qoruyan texnologiyalar Avropa və ABŞ-da elə buna qədər də uzun illərdir ki, istifadə olunur. Bu texnologiyaların tətbiqi ilə tikilən aşağı enerji sərfiyyatlı evlər «passiv evlər» adlanır. «Passiv ev» – öz ehtiyacları üçün mümkün qədər az enerji tələb edən, ən yaxşı halda isə özü-özünü enerji ilə təmin edə bilən tikilidir. Avropa standartlarına görə, o evlər «passiv ev»lər sayılır ki, il ərzində onun hər 1 kv. metrinə sərf olunan enerji 15 kVt/saatdan çox olmasın. Bu enerji isə elə həmin binanın üzərində quraşdırılmış alternativ enerji qurğuları, məsələn, külək generatorları, günəş enerjisi panelləri və s. vasitəsilə alınır. Nəticədə, bina özünü enerji ilə tam təmin edir, kənardan enerji alınmasına ehtiyac qalmır. Belə evlərin tikintisi adi evlərdən bir qədər bahadır, əvəzində, onların istismarı adi evlərdən xeyli ucuz başa gəlir. Nəticədə, qışda 28-30 dərəcə şaxta olan İsveçdə evin qızdırılması üçün Bakıdakından 3 dəfə az enerji lazım gəlir. Hazırda Avropada 10 minlərlə «passiv» evlər var. İndiyədək belə evlər ekologiya və ətraf mühitin qorunması üçün tikilirdisə, indi enerjiyə qənaətin ciddi iqtisadi səbəbləri də var və qənaətli tikinti daha planlı xarakter alıb. Avropa İttifaqının hədəflərinə görə, 2020-ci ildən sonra Avropada tikilən bütün binalar «sıfır» enerji tələbatlı olmalıdır.

«Dədə-baba qaydası» ilə tikilən evlər

Avropadan fərqli olaraq Azərbaycanda ölkə əhalisi arasında enerji effektivliyi və enerjiyə qənaət o qədər də vacib məsələ kimi qəbul olunmur. Bununla bağlı vərdişlər, yalnız elektriklə işləyən cihazların və ya işıqların istifadə olunmayanda söndürülməsi ilə kifayətlənir.

Yeni tikilən binalar bir yana, rayonlarda və paytaxtda tikilən fərdi evlərin əksəriyyəti əvvəlki üsullarla – «dədə-baba qaydası» ilə tikilir ki, burada da enerji effektivliyi və ya enerjiyə qənaət sonuncu diqqət yetirilən məsələlərdəndir. Baxmayaraq ki, adətən ev sahiblərinin bununla bağlı tədbirlər görməyə maddi imkanları çatır. Məsələn, böyük xərc bahasına başa gələn evlərdən tutmuş adi evlərədək fərdi evlərin demək olar ki, hamısında tavan və döşəmə enerji itkisinin əsas səbəbkarlarındandır. Baxmayaraq ki, o qədər də baha başa gəlməyən bir neçə üsul var ki, onlarla itkiləri kəskin azaltmaq, istiliyə, enerjiyə və pula qənaət etmək mümkündür. Amma belə evlərin tikintisi zamanı enerjiyə qənaət demək olar ki, yada düşmür. Nəticədə, Biləcəri qəsəbəsinin sakini A.Sultanovun misalında olduğu kimi fərdi evlərdə enerji itkiləri elə səviyyədədir ki, qışda belə evləri hətta böyük xərc çəkməklə də qızdırmaq mümkün olmur.

Azərbaycanda evlər «passivləşəcək»

Azərbaycanda alternativ enerji mənbələri və enerji effektivliyinin artırılması ilə bağlı hökumətə təqdim olunan strategiyada enerji effektivliyi ilə bağlı məsələlər də əksini tapıb. Yeni strategiya qəbul olunandan sonra onun əsasında normativlərin hazırlanmasına və tətbiqinə başlanacaq. Normativlərdə həm yeni tikilən, həm də əsaslı təmir edilən binalarda enerji effektivliyinin artırılması üçün ciddi tələblər olacaq. Hazırda bununla bağlı standartlar və tikinti normativlərinin layihələri hazırlanır. Strategiyada binaların alternativ enerji mənbələri ilə təmin edilməsi də nəzərdə tutulub. Ümumilikdə, səmərəli texnologiyaların tətbiq olunması nəticəsində, işıqlandırmada, isidilmədə və soyuqlandırmada xeyli enerjiyə qənaət etmək mümkündür. Söhbət təkcə divarların qalınlığından deyil, həm də layihələndirmədən və optimal işıqlandırmadan gedir. Bundan başqa, binanın dam örtüyünə də diqqət yetirilməlidir, çünki ən çox istilik itkisi burada baş verir.

Qənaətcil layihələr

Mütəxəssislər bildirirlər ki, enerji effektivliyini artırmaq üçün işlər iki istiqamətdə aparılmalıdır. Əvvəla, effektiv binalar tikilməli, ikincisi, mövcud binalarda müəyyən təmir - renovasiya işləri aparmaqla onların effektivliyi, istilik izolyasiyası artırılmalıdır.

Əslində binalarda enerjiyə qənaət işləri layihə işlərindən başlayır – düzgün layihələndirilən binalarda günəş işığından və istisindən maksimum istifadə olunur. Daha sadə desək evlər elə layihələndirilir ki, günün böyük hissəsində onu günəş işıqlandırır və günəş enerjisi hesabına qızır. Bu isə digər enerjidən istifadəyə ehtiyacı azaldır. Evin səmti isə elə seçilir ki, kənar təsirlər binanın divarlarını çox soyutmasın. Bundan başqa, hündür binalar layihələndiriləndə müxtəlif məsələlər, o cümlədən küləyin sürəti də nəzərə alınmalıdır.

Evlərin tikintisində yüksək izolyasiyaya malik termoprofildən istifadə enerjiyə 40-45%, karkas tikinti texnologiyalarının tətbiqi 40%-dək qənaət etməyə imkan verir. Evlərin termobloklarla tikintisi isə tikinti xərclərini 30% azaltmaqla yanaşı, enerjiyə 20-30% qənaət edir. Yeri gəlmişkən, artıq Azərbaycanda da enerjini qoruyan məsaməli betonun istehsalına başlanılıb.

Effektiv hava nizamlayıcısından rekuperatordan istifadə isə istilik enerjisinin 30-40% qənaətinə imkan verir. Ümumiyyətlə, yeni texnologiyaların tətbiqi enerji sərfini 30%-ə qədər azaldır. Doğrudur, adətən «qənaətcil» evlər adi evlərə nisbətən 5-10% baha başa gəlir. Amma xərc çəkməyinə dəyər.

Şimala baxan mənzillərin xərci 10-15% yüksəkdir

Binaların istiliyinin qorunması üçün onlar daxildən və xaricdən izolyasiya edilir. İzolyasiya üçün kifayət qədər müasir xarici və yerli materiallar mövcuddur. Xarici izolyasiya üsullarında isidici materiallardan - bazalt pambıqdan və ya penopolistiroldan istifadə edilir.

Daxili izolyasiya zamanı isə binaların divarlarına daxildən penoplast, polietilen, mineral pambıqlar, keramik boya və isti suvaq vurmaqla divarların istilik saxlama qabiliyyəti artırılır. Mütəxəssislər enerjiyə yaxşı qənaət olunması üçün, daxili və xarici izolyasiyanın hər ikisinin tətbiqini tövsiyə edirlər. Yəni, divarlar həm daxildən - həm xaricdən qorunur.

Bundan başqa, birmənalı şəkildə bütün binaların şimal tərəfi küləkdən qoruyan təbəqə ilə örtülməlidir. Belə ki, adətən binanın şimal tərəfə baxan mənzillərində divarın daxili səthi şehlənir, nəm əmələ gəlir və divar kiflənir. Belə mənzilləri qızdırmaq üçün digər mənzillərdən azı 10-15% çox enerji sərf edilir. Bunun qarşısını almaq üçün belə binalar mütləq xüsusi təbəqə ilə örtülməlidir.

Qapı-pəncərəni yaxşı örtün

Binalarda istiliyin qorunmasının digər yolu giriş qapılarının bərpası, xarici pəncərə və qapılarının hermetikliyinin təmin olunmasıdır. Pəncərələrə yapışdırılan xüsusi metal pərdə, şəffaf olsa da, qışda isti havanın xaricə çıxmasına, yayda isə evə daxil olmasına imkan vermir. Ümumiyyətlə, mənzillərdə istiliyin saxlanılmasında pəncərələr böyük rol oynayır. Bunun üçün hazırda 2-3 qat şüşələri olan pəncərələrdən istifadə edilir. Adətən bu şüşələrin arasına arqon və ya kripton qazı vurulur və bu qazlar istilik keçirmə əmsalını aşağı salır. Keyfiyyətli pəncərələr istilik itkilərini 30% azaldır.

Pəncərələrin yerləşməsinə də diqqət yetirilməlidir. Bəzi sakinlər otaqların işıqlı olması üçün böyük pəncərələrə üstünlük verirlər. Amma pəncərələr isti havanın bayıra axmasına səbəb olur. Buna görə də xarici pəncərələrin ölçüsü otağın sahəsinin 25%-dən çox olmamalıdır.

Enerji effektivliyinin artırılmasına başlanıb

Bir qədər əvvəl Alternativ və Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin xətti ilə Biləsuvar rayonu ərazisində 6 məktəb və 6 binada enerji itkilərinin azaldılması layihəsi həyata keçirilib. Həmin binaların tavanları dəyişdirilib, döşəməsi izolyasiya edilib, birqat şüşəli pəncərələr ikiqatlı şüşələrlə əvəz edilib. Nəticədə, burada isitmə və elektrik enerjisindən istifadə xərclərinin kəskin azalması gözlənilir.

Bundan başqa, Bakıda həyata keçirilən abadlaşdırma işləri çərçivəsində təmir edilən binaların görkəmi ilə yanaşı, enerji effektivliyi də yaxşılaşır. Bu binaların divarlarına yeni qatların əlavə olunması binaların istilik izolyasiyasını və istiliyi saxlama qabiliyyətini yaxşılaşdırır.

Ümumilikdə, ekspertlərin fikrincə, renovasiya işləri nəticəsində binaların enerji effektivliyini orta hesabla 40-60% artırmaq olar. Xüsusilə «Xruşşov» layihəli binalarda potensial daha böyükdür.

Enerji qənaət sərfəlidirmi?

Amma bu tədbirlərin kütləvi hal alması üçün ilk növbədə əhali onların iqtisadi səmərəsinə əmin olmalıdır. İlkin hesablamalar enerjiyə qənaətin sərfəli olduğunu göstərib. INOGATE proqramı çərçivəsində bir qədər əvvəl Bakıda iki binanın renovasiyası planı hazırlanıb. Ekoenergetika Akademiyasının professoru Nurməmməd Məmmədov deyir ki, bunlardan biri uşaq bağçası yerləşən ikimərtəbəli bina, digəri Bakıda geniş yayılmış «Leninqrad» layihəli 8 bloklu 9 mərtəbəli yaşayış binasıdır.

Renovasiya çərçivəsində binalarda burada həm daxili, həm xarici izolyasiya işləri nəzərdə tutulub. Məsələn, istiliyi yaxşı saxlamayan pəncərələr daha keyfiyyətli 2 qat pəncərələrlə, nazik qapılar yeniləri ilə əvəzlənəcək, divarlar xüsusi materiallarla izolyasiya olunacaq.

N.Məmmədovun sözlərinə görə, renovasiya işləri nəticəsində 2 mərtəbəli binanın enerji effektivliyi 83% artmalıdır. Yəni, indiyədək binada 1 kv. metr sahəyə ildə 524 kVt/saat enerji sərf olunurdusa, renovasiyadan sonra bu rəqəm təqribən 6 dəfə azalaraq 91 kVt/saata düşməlidir. Plana görə, 248 min manata başa gələcək renovasiya işləri nəticəsində binanın qızdırılması xərclərinə ildə 30,6 min manat qənaət olunacaq. Bu isə o deməkdir ki, binaya yatırılan pullar 8 ilə geri qayıdacaq.

İkinci binada (9 mərtəbəli yaşayış binası) isə renovasiya işləri nəticəsində enerji effektivliyi 51% artmalıdır - binanın hər 1 kv. metrinə düşən illik enerji tələbatı 209 kVt/saatdan 105 kVt/saata düşəcək. Yəni, onun qızdırılmasına tələb olunan enerji və enerji pulu 2 dəfə azalacaq. Nəticədə, 162 mənzilli binada renovasiya işləri 582,2 min manata (binanın hər 1 kv. m sahəsi üçün 47,7 manata) başa gəlməlidir. Əvəzində enerji effektivliyi artdığına görə, hər il 69,9 min manata qənaət ediləcək. Bununla da binaya yatırılan pul 8,3 ilə qayıdacaq.

Bu işə pul qoymağa dəyərmi?

Yuxarıdakı misaldan məlum olur ki, çoxmərtəbəli binanın enerji effektivliyini artırmaq üçün hər bir mənzil sahibi orta hesabla 3-4 min manat pul xərcləməlidir. Bu isə sakinlərin seçimindən asılıdır. Yəni, ya əvvəlcədən 3-4 min manat ödəməklə hər ay enerji puluna 25-35 manat qənaət edilir, ya da əvvəlki kimi hər ay 50-60 manat enerji pulu ödənilir. Bakı şəhərində rəyini soruşduğumuz mənzil və fərdi ev sahiblərinin əksəriyyəti, o cümlədən yuxarıda adı çəkilən A.Sultanov da ikinci varianta üstünlük verir: «5 min manat ödəyim ki, qarşıdakı illərdə işıq puluna hər ay 20-30 manat qənaət edim – bu, sərfəli deyil». C.Məlikovun sözlərinə görə, məhz buna görə, bütün dünyada enerji effektivliyi xərclərini ya dövlət maliyyələşdirir, ya da stimullaşdırır – bu işlər üçün uzunmüddətli kreditlər və ya dövlət tərəfindən subsidiyalar verilir». Hazırda belə stimullaşdırma mexanizmləri Azərbaycanda da hazırlanır, onlar strategiya layihəsində də əksini tapıb.

Enerji effektivliyi üçün bank kreditləri

Yaxın vaxtlarda Azərbaycanda evin enerji effektivliyini artırmaq üçün bankdan kredit də götürmək mümkün olacaq. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) enerji effektivliyi və alternativ enerji tədbirlərini kreditləşdirmək üçün Azərbaycan banklarına kredit xətti ayırmağa hazırdır. Artıq ölkə banklarından biri yaxın vaxtlarda evlərdə enerji effektivliyinin yüksəldilməsi ilə bağlı işlərə kredit ayırmağa başlayacaq.

Həm adi vətəndaşlara, həm də biznes strukturlara təqdim ediləcək bu kreditlər 3-5 illiyə veriləcək. Ev sahibləri bu kredit hesabına enerji effektivliyini artırmaqla yanaşı, gələcəkdə alternativ yolla istehsal etdikləri enerjini şəbəkəyə də satıb gəlir götürə biləcəklər.

Məqalə INOGATE proqramının dəstəyi ilə Azərbaycanda həyata keçirilən «Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində binalarda enerjiyə qənaət üzrə təşəbbüs» (ESIB) layihəsi çərçivəsində Azərbaycan jurnalistləri arasında elan edilmiş «Enerji-effektiv binalar – davamlı enerji bazarının formalaşmasının əsasıdır» mövzusunda müsabiqə çərçivəsində hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR