Almaniyada federal hökumət, əyalətlər, bələdiyyələr və sosial təminat fondlarını əhatə edən ümumi dövlət büdcəsinin kəsiri 2026-cı ilin ilk yarısında 98,8 milyard avroya çatıb.
APA xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,3 milyard avro çoxdur.
Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatına görə, yanvar-iyun aylarında dövlət gəlirləri 2 faiz artaraq 1 trilyon 11,8 milyard avro, xərcləri isə 6 faiz artaraq 1 trilyon 110,6 milyard avro olub.
Ən böyük kəsir 72,3 milyard avro ilə federal hökumətdə qeydə alınıb. Federal hökumətin xərcləri 9,8 faiz artaraq 325,5 milyard avroya, gəlirləri isə 5 faiz azalaraq 253,1 milyard avroya düşüb.
Bələdiyyələrin büdcə kəsiri də 20,1 milyard avroya çatıb. Bu, 1990-cı ildə Şərqi və Qərbi Almaniyanın birləşməsindən bəri ilin ilk yarısı üzrə ən yüksək göstəricidir.
Dövlətin faiz ödənişləri isə bir il ərzində 21,2 faiz artaraq 31,2 milyard avroya yüksəlib. Xəbərdə büdcə kəsirinin yüksək səviyyədə qalmasına iqtisadi durğunluq, investisiya və müdafiə xərclərinin artmasının təsir etdiyi qeyd olunur.