Almaniyanın Moskvadakı səfirliyində 2024-cü ildə Ukraynadakı müharibənin dayandırılmasına dair sülh planı hazırlanıb.
APA xəbər verir ki, “Bild” qəzetinin araşdırmasına görə, “Agriculture needs peace” (“Kənd təsərrüfatına sülh lazımdır”) adlı sənəd səfirliyin kənd təsərrüfatı məsələləri üzrə sabiq əməkdaşı Martin Nissen tərəfindən hazırlanıb. bild.de
Plana əsasən, Ukraynanın şərqində mübahisəli ərazilərin beş il müddətinə BMT-nin idarəçiliyinə verilməsi nəzərdə tutulub.
Bu müddət başa çatdıqdan sonra həmin ərazilərdə beynəlxalq müşahidə altında referendumların keçirilməsi və sakinlərin ərazilərin Rusiya, yoxsa Ukraynanın tərkibində qalmasına qərar verməsi təklif edilib.
Nissen qəzetə açıqlamasında sənədi şəxsən hazırladığını təsdiqləyib.
Onun iddiasına görə, təşəbbüs barədə ABŞ diplomatları və Almaniya Sosial Demokrat Partiyasının rəhbərliyi, o cümlədən o dövrün kansleri Olaf Şolts məlumatlı olub.
Lakin Almaniya Xarici İşlər Nazirliyi planla bağlı danışıqların nazirliyin tapşırığı və ya razılığı əsasında aparılmadığını bildirib.
Sabiq müdafiə naziri Boris Pistorius da təşəbbüsü Nissenin şəxsi fəaliyyəti kimi qiymətləndirib.
Sənəddə qoşunların geri çəkilməsi, təhlükəsizlik zəmanətləri, əsirlərin mübadiləsi və müharibədən sonrakı bərpa məsələlərinin də müzakirəsi nəzərdə tutulub.