Əhməd Davudoğlu: “Azərbaycan torpaqlarının hər kvadrat santimetri azad olunana kimi Türkiyə Azərbaycanın yanında olacaq”

Əhməd Davudoğlu: “Azərbaycan torpaqlarının hər kvadrat santimetri azad olunana kimi Türkiyə Azərbaycanın yanında olacaq”
# 19 sentyabr 2014 13:00 (UTC +04:00)

APA-nın məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Bakıya səfəri çərçivəsində prezident İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.

Onun sözlərinə görə, bunu beynəlxalq hüquq da diktə edir: "Beynəlxalq hüquq tətbiq edilənə kimi Türkiyə və Azərbaycan çiyin-çiyinə bölgəni sülh bölgəsinə çevirmək üçün çalışacaq. Azərbaycana qarşı yönələ biləcək hər mənfi münasibət Azərbaycanda olduğu kimi, Türkiyədə də eyni reaksiyaya səbəb olacaq".

Baş nazir sabah Bakıda Cənub Qaz Dəhlizi layihəsinin təməlqoyma mərasimində iştirak edəcəyini deyərək, bəzi ölkələrin bu iş birliyini anlamadığını təəssüflə vurğulayıb: "Bu baxımdan Qarabağ problemi və Ermənistanın uzlaşmayan mövqeyi davam etdikcə, Ermənistan bu layihələrdən kənarda qalacaq. Halbuki Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılsa, bu çərçivədə sülh bərpa edilsə, bundan digər ölkələr kimi, Ermənistan da istifadə edər”.

Əhməd Davudoğlu iyul ayının sonunda cəbhədə baş verən silahlı insidentləri xatırladaraq, gərginlik zamanı şəhid olan əsgərlərə rəhmət diləyib: "Onlar şərəfli Azərbaycan üçün şəhid oldular, yaralananlara isə Allahdan şəfa diləyirəm. Mən özüm Türkiyədə xəstəxanaya gedərək, ora aparılan yaralı hərbçiləri ziyarət etdim. Buradan demək istəyirəm ki, Azərbaycanın ürəyinə düşə biləcək ən balaca atəş Türkiyənin ürəyinə düşüb deməkdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR