Ənvər Paşanın nəvəsi: “Ruslar tapmasınlar deyə, babamı labirint məzarda dəfn etmişdilər”

 Ənvər Paşanın nəvəsi: “Ruslar tapmasınlar deyə, babamı labirint məzarda dəfn etmişdilər”
# 08 aprel 2015 16:44 (UTC +04:00)

Bu fikirləri APA TV-də yayımlanan “Manşet” proqramının qonağı, Ənvər Paşanın nəvəsi Osman Mayatəpək deyib.

O babasının macərapərəst olması iddialarını qəbul etməyib: “Bu kimi insanları anlamaq çətindir, çünki macərapərəst deyildi, son dərəcə idealist və ən əsası bu idealları üçün hər şeyi fəda edəcək qədər idealist bir insan idi. Hətta Naciyə Sultanın çox gözəl bir məktubu vardır. Məktubun bir hissəsində deyir ki, mən nə qədər xoşbəxt qadınam, çünki həyatda Ənvər Paşanın sevdiyi ikinci varlığam. Birincisi Vətən, ikincisi mən. O deyir ki bu adam istənilən qadını xoşbəxt edə bilərdi, amma məni seçdi, Allah razı olsun”.

Osman Mayatəpək Sarıqamış faciəsinin əsas günahkarının Ənvər Paşa olmadığı barədə fikirlərini rus mənbələri ilə də əsaslandırıb: “Sarıqamışda rus qoşunlarına rəhbərlik edən iki rus generalı xatirələrində açıq deyirlər ki, bu məğlubiyyət türk komandirlərinin günahıdır. Əgər Ənvər Paşanın verdiyi əmrləri yerinə yetirsəydilər, bu gün türk ordusu Qafqazda idi. I dünya müharibəsinin sonunun necə qurtaracağını babam özü də bilirdi. Belə düşünün, Ənvər Paşa 20-30 min fədai ilə rus ordusunu məğlub edəcəyini düşünəcək qədər saf bir insan ola bilməz. Ölümündən 10 gün əvvəl yaxın adamlarını toplayıb deyir ki, bizim bir qərar verməyimiz lazımdı. Ya türklük ruhunu buralarda yaşatmaq üçün ən böyük fədakarlığı etməliyik. Ən böyük fədakarlıq isə həyatımızı qurban verməkdir. Yaxud da bu torpaqlardan türk ruhu silinib gedəcək. Mən burada qalıram, amma hamınızın ailəsi ola bilər, istəyən getsin. Heç kim tərpənmir, hamı qalır. Almaniyaya, İsveçrəyə gedə bilərdi, amma getmək istəmir. Gedib də bir göl kənarında oturan, axşamlar gəzməyə çıxım deyən bir adam deyildi, o hərəkat adamı idi”.

Osman Mayatəpək babasının məzarının Tacikistandan Türkiyəyə köçürülməsi ilə bağlı xatirələrini də bölüşüb: “O vaxt Süleyman Dəmirəl prezident idi, mən isə Amerikada Corctaun Universitetinin türk dili fakültəsinin rəhbəri idim. Fakültə təsis olunan zaman Dəmirəli açılışa dəvət etdik, ona fəxri doktor diplomu təqdim etdik. Mənə dedi ki, belə bir fikrim var, babanın nəşini Türkiyəyə gətirib, İstanbulda Ədəbiyyət təpəsində dəfn etmək istəyirəm. Bu məsələni Tacikistan prezidenti ilə də müzakirə etdim, sən necə düşünürsən? Dedim ki, Ənvər Paşanın Vətəni Türkiyədir, amma Tacikistan da Vətəni sayılır. Dəmurəl dedi ki, məzarın üstündə abidə tikdirmək düşünürəm. Təəssüf ki, o abidə hələ də tikilməyib. Abdulla Gül işə start verdi, amma sonra nə olduğunu bilmirəm. Eşitdiyimə görə hər il 30-40 adam babamın məzarını müqəddəs yer kimi ziyarət edir. Tacikistanda dəfn olunduğu məzar çox qəribə idi. Ruslar məzarın yerini tapmasınlar deyə, qəribə bir labirint qurmuşdular. Əvvəl bir metr yarım aşağı enirsən, sonra da 40-50 metr yan tərəfə gedirsən, sonra məzar görünür. Ruslar burada qazıntı aparmasınlar deyə məzarı belə gizlətmişdilər”.

Qonaq babasının guya ermənilər tərəfindən öldürüldüyü barədə iddiaları da cavablandırıb: “Əvvəlcə rus əsgərləri Ənvər Paşanın şəhid olduğunu anlamayıblar. Çünki bir türk zabitinin parlayan çəkmələri olmalı idi. Ona görə çəkmələrini oğurlayıblar, ancaq şəhid olanın Ənvər Paşa olduğunu bilməyiblər. Yaxşı ki meyiti taciklər tapıb, yoxsa çox kədərli sonluq olardı. Öldürüldükdən sonra Ənvər Paşanın çəkmələri, oxuduğu Quran bir neçə əşyası oğurlanıb. Eşitdiyimə görə, indi Moskvada bir muzeydə saxlanır”

Osman Mayatəpək Ənvər Paşanın övladlarının taleyi barədə də danışıb: “Üç uşağı vardı, ən böyükləri Mahpeyker xalam vəfat etdi. Onun bir oğlu vardı, sonra o da dünyasını dəyişdi. İkinci övladı anam Türkan idi. mən ailənin tək uşağıyam. Üçüncü övladı oğlu əli idi, amma Ənvər Paşa oğlunun üzünü görməmişdi. Əli dayımın Arzu adlı bir qızı var, İstanbulda yaşayır. Ata babam Tahsin bəy Atatürkün çox yaxın dostu idi, Cənubi Amerikada yaşayan hindularla türklər arasında əlaqələr mövzusunda araşdırmalar aparırdı. Soyadımız da buradan götürülüb. Mayatəpək, yəni, mayyalarla bağlılığı var. Babam həqiqətən də hindularla türklərin yaşam tərzi, əl işləri, arasında əlaqələr tapır. Özəlliklə hinduların və türklərin toxuduqları xalçalar arasında bağlılıq aşkarlayır. Mayya hindularının toxuduğu kilimi bir türkün toxuduğu kilimin yanına qoysanız, seçmək çox çətin olar. Dillərində də türk dilinə yaxın 300-400 söz tapır, araşdırmaları ilə bağlı Atatürkə 14 hesabat göndərir. Deyirlər ki, bu hesabatlardan 4-ü itib batıb. Amma inanmıram, Atatürk kimi prezidentə göndərilən hesabat necə itib-bata bilər? Mən təxmin edirəm ki, hesabatlarda dinlə bağlı bir neçə problem yaradacaq ünsürlər olduğu üçün onları məhv ediblər”.

Osman Mayatəpək babası Ənvər Paşanın çox uzaqgörən şəxs olduğunu deyib: “Uşaqların hamısının oxuyub peşə sahibi olmağını istəmişdi. Naciyə Sultan 1952-ci ilə qədər xaricdə yaşadı, çünki Osmanlının nümayəndəsi idi. Amma uşaqlar hamısı oxudu. Ən böyükləri Mahpeyker xalam psixoloq oldu, anam kimya mühəndisi, Əli dayım pilot idi. Ənvər Paşanın vəfatından sonra Naciyə Sultan babamın ən kiçik qardaşı Kamil bəylə evləndi. Onlardan Rəna adlı bir qızı vardı, o da vəfat etdi. Həm Ənvər Paşa, həm də Naciyə Sultan uşaqların yaxşı təhsil alması üçün əllərindən gələni etmişdilər”.

Ənvər Paşanın nəvəsi Azərbaycana ilk dəfə gəldiyini, ölkəmizi heç vaxt unutmayacağını deyib: “Azərbaycanı heç vaxt unutmaq mümkün deyil, çünki Ənvər Paşa və Nuru Paşanın Azərbaycan üçün etdikləri göz qabağındadır. Heydər Əliyevlə Amerikada tanış olarkən, bu görüş mənə çox təsir etmişdi. Bizi haqqında bəhs etdiyim Züleyxa xanım tanış elədi. Heydər Əliyev məni qucaqladı, dedi ki, sən də bizim övladımızsan. İndi özümü öz torpaqlarımda və evimdəki kimi hiss edirəm, o qədər doğma qarşılandım ki, sanki itirmiş ailəmi yenidən tapmışam”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR