AMEA-da fənlərarası tədqiqatlara həsr olunmuş beynəlxalq yay məktəbinin açılışı olub

AMEA-da fənlərarası tədqiqatlara həsr olunmuş beynəlxalq yay məktəbinin açılışı olub
# 09 sentyabr 2014 12:09 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda fənlərarası tədqiqatlara həsr olunmuş beynəlxalq yay məktəbinin açılışı keçirilib. APA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunmuş tədbirdə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Nitsa Sofiya Antipolis Universiteti, Şərq Dilləri və Sivilizasiyaları Milli İnstitutunun alimləri iştirak edib.

Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə bildirib ki, yay məktəbində həm alimlər, həm də dissertantlar müxtəlif mövzularda fikir mübadiləsi aparacaqlar.

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye son bir ildə Azərbaycanla Fransa arasında əlaqələrin genişlənməsindən danışaraq bildirib ki, təmsil etdiyi ölkədə təhsil alan azərbaycanlı tələbələrin sayı üç dəfə artıb: “Biz bu məqsədlə azərbaycanlı tələbələrin Fransa universitetlərinə yerləşdirilməsi üçün çoxlu işlər görmüşük. Yay məktəbinin açılışını yüksək qiymətləndirirəm”.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev yay məktəbinin təşkilini fransız və azərbaycanlı tələbələrin qarşılıqlı əməkdaşlığı üçün yeni imkanların yaranmasında vasitə olacağını diqqətə çatdırıb: “Ümumiyyətlə, bu cür tədbirlərin keçirilməsi çox zəruridir. Yay məktəbi vasitəsi ilə Azərbaycanda elmin müxtəlif istiqamətlərində əldə olunan nailiyyətləri dünya elm ictimaiyyətinə çatdırmaq mümkündür. Eyni zamanda, müxtəlif ölkələrdə olan nailiyyətlərlə tanış olmaq, təcrübəni bölüşmək də mümkündür”.

Tədbirdə akademik Teymur Kərimli, Nitsa Sofiya Antipolis Universitetinin dekanı Kristian Vallar, İtaliyanın Genuya şəhərində Azərbaycanın Fəxri Konsulu Marqarita Kosta çıxış edərək yay məktəbinin keçirilməsinin əhəmiyyətindən danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR