Bakı Ali Neft Məktəbinin könüllüləri ilə görüş keçirilib - FOTO

Bakı Ali Neft Məktəbinin könüllüləri ilə görüş keçirilib - <span style="color: red;">FOTO
# 06 iyul 2015 08:19 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbində (BANM) “Bakı 2015” Birinci Avropa Oyunlarında könüllü kimi iştirak etmiş tələbələrlə görüş keçirilib.

BANM-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru, I Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev iştirak edib.

Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov I Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsindən danışaraq, bu əlamətdar idman hadisəsinin tarixi bir hadisə olduğunu, ölkəmizin, o cümlədən milli dəyərlərimizin təbliğində böyük imkanlar yaratdığını deyib. O, Azərbaycan prezidenti cənab İlham Əliyevin könüllülərin fəaliyyətinə yüksək dəyər verdiyini bildirib. Elmar Qasımov Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın tədbirin bağlanış mərasimində könüllülərə etdiyi təşəkkürdən danışaraq bildirib ki, bu Oyunlar könüllülər üçün ünsiyyət, dünyagörüşü, yeni mədəniyyətlərlə tanışlıq üçün bir vasitə olmaqla yanaşı, onlar üçün böyük təcrübə olub, ölkəmizdə könüllülük institutu formalaşıb. O, deyib ki, tələbələr bu müddət ərzində könüllü kimi fəaliyyət göstərərək vətənpərvərlik və fədakarlıq nümayiş etdiriblər. Elmar Qasımov oyunların yüksək səviyyədə keçirilməsində xüsusi xidmət göstərmiş BANM-in könüllülərinə təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru, I Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev I Avropa Oyunlarının əhəmiyyətindən söz açıb. O, Avropa Oyunlarının Azərbaycan üçün önəmli bir hadisə olduğunu vurğulayıb, BANM-in tələbələrinin bu oyunlarda könüllü kimi iştirakını yüksək qiymətləndirib. Fərhad Hacıyev bildirib ki, bu oyunların ölkəmizə gətirdiyi uğurlardan biri də könüllülərin ölkəmizə göstərdiyi dəyər, onların fəaliyyətinin yüksək səviyyədə olmasıdır: “Heç də təsadüfi deyil ki, könüllülərin fəaliyyətindən hamı razı qalıb”.

Fərhad Hacıyev könüllülük hərəkatının vüsət almasından danışaraq, oyunlarda ümumilikdə 20 000-ə yaxın könüllünün iştirak etdiyini bildirib və onların öz vəzifələrini çox yüksək səviyyədə yerinə yetirdiklərini vurğulayıb. O, BANM-in könüllülərinə fəal iştiraka görə təşəkkür edib.

Sonda tələbələr öz təəssüratlarını bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR