ABŞ-ın CBS telekanalı İranın raket və pilotsuz uçuş aparatları ilə hücumları nəticəsində Yaxın Şərqdəki bir sıra ABŞ hərbi obyektlərində yaranan zərər və dağıntıları əks etdirən eksklüziv fotolar yayıb.
APA xəbər verir ki, görüntülər CBS News-a hərbi mühitdə tətbiq olunan ciddi media məhdudiyyətləri səbəbindən adlarının açıqlanmasını istəməyən hazırkı hərbçilər tərəfindən təqdim edilib.
Fotolardan birində Səudiyyə Ərəbistanındakı “Prince Sultan” aviabazasında dördmühərrikli “Boeing E-3 Sentry” təyyarəsinin arxa hissəsinə birbaşa zərbə dəydiyi görünür.
Digər görüntülərdə eyni bazada yanmış binalar və kazarmalar əks olunub. Bildirilir ki, həmin tikililərin qalıqları əvvəllər qumbaraatan və minaatan hücumlarından qorunmaq üçün etibarlı hesab olunan beton müdafiə divarlarının (“T-walls”) yanında yerləşir. Lakin bu maneələrin hava hücumları qarşısında effektiv olmadığı qeyd olunur.
CBS-in yaydığı digər fotoların isə Küveytdə yerləşən “Camp Buehring” hərbi bazasında çəkildiyi bildirilib.