Azərbaycanda piyada keçidlərinin tikilməsi və istifadəsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycanda piyada keçidlərinin tikilməsi və istifadəsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq
# 28 aprel 2015 10:18 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Milli Məclisinin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” qanuna 9-1-ci maddənin əlavə olunması ilə bağlı layihə müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Onun sözlərinə görə, yeni maddədə avtomobil yollarında piyada keçidlərinin tikiləcəyi yerlərin təsbit olunması, piyada keçidləri arasında məsafənin müəyyənləşdirilməsi, yerüstü və yeraltı keçidlərin tikilməsi ilə bağlı yeni qaydalar nəzərdə tutulub. Maddənin birinci hissəsinə (Piyada keçidləri arasında məsafə, yerüstü və ya yeraltı keçidlərin tikilməsi) əsasən, avtomobil yollarında keçidlər təhsil, səhiyyə, iri ticarət (xidmət, istehsalat) müəssisələrinin, nəqliyyatın dayanacaq məntəqələrinin, idman, istirahət və turizm obyektlərinin və insanların kütləvi toplaşdığı digər obyektlərin yaxınlığında olmalıdır. Piyada zolağında hərəkətin svetoforla nizamlanması vacib olan hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddənin ikinci hissəsinə görə isə avtomagistralların yaşayış məntəqələrindən keçən hissələrində yerüstü və ya yeraltı keçidlərin arasında məsafə 400-800 metr, digər avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində isə piyada keçidləri arasında məsafə 150-300 metr (yolayrıcıları arasında daha az məsafə olduğu hallar istisna olmaqla) olmalıdır.

Maddənin üçüncü hissəsinə görə, avtomobil yollarında yerüstü və ya yeraltı keçidlər aşağıdakı hallarda tikilə bilər:

1. avtomagistrallarda

2. digər avtomobil yollarında - nəqliyyat vasitələrinin hərəkət şiddəti 300 avtomob/saatdan, piyadaların hərəkət şiddəti 3000 adam/saatdan və yolun hərəkət hissəsinin eni 14 metrdən çox olduqda.

Maddənin dördüncü hissəsində deyilir ki, qanuna yeni əlavə edilmiş bu maddənin üçüncü hissəsinin 2-ci bəndində nəzərdə tutulan avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan digər hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Layihə səsə qoyularaq, qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR