Azərbaycandakı bəzi banklar dolların satışına limit tətbiq edib - ARAŞDIRMA

Azərbaycandakı bəzi banklar dolların satışına limit tətbiq edib - <span style="color: red;">ARAŞDIRMA
# 25 avqust 2015 09:24 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda bəzi banklar dollar satışını dayandırıb, bir qismi isə ABŞ valyutasının satışına məhdudiyyət tətbiq edib.

APA-Economics”in məlumatına görə, “Azərbaycan Beynəlxalq Bankı”, “Parabank”, “AtaBank”, “Kredobank”, “Turanbank”, “Bank VTB (Azərbaycan)", “Parabank” və “DəmirBank” ASC-lər dollar satışını dayandırıb.

"Parabank"dan bildirilib ki, rəhbərlik tərəfindən avqustun 22-dən dollar satışının dayandırılmasına qərar verilib. “Şənbə günündən dolların satışı dayandırılıb. Dolların satışının bərpa olunacağı tarix barədə heç nə deyə bilmərəm”, - deyə bankın nümayəndəsi vurğulayıb.

“AtaBank” ASC-yə gəlincə, bank bu gündən etibarən dolların satışını dayandırıb: “Bu səhərdən dolların satışını dayandırmışıq. Amma dollar ilə əməliyyatlar həyata keçirdirik. 1 ABŞ dolları 1,0475 manat ekvivalenti ilə kredit qəbulu, pulköçürmə və sair əməliyyatları yerinə yetiririk”.

Yeri gəlmişkən, “AtaBank” avronun satışına heç bir məhdudiyyət tətbiq etməyib: “Bankımız avronu 1,18 manatdan alır, 1,22 manatdan isə satışını həyata keçiririk”, - deyə bankdan bildirilib.

“Kredobank” da dolların satışını dayandıran banklardandır. Bankdan bildirilib ki, dollar olmadığından bu valyutanın satışı həyata keçirilmir.

“Turanbank”, “Bank VTB (Azərbaycan)" və “Dəmirbank”da isə dolların satışının dayandırılması səbəblərinə aydınlıq gətirilməyib.

Bank sektorunda apardığımız müşahidələr göstərib ki, bəzi banklar dolların satışına müəyyən məhdudiyyət qoyub. Belə ki, “Kapital Bank” ASC-də 5000 dollardan artıq ABŞ valyutası və bu həcmdən artıq avro almaq mümkün deyil: “Bizim bankda 5000 dollardan və 5000 avrodan artıq satış həyata keçirilmir. 5000 dollar almaq üçün müştəri şəxsiyyət vəsiqəsi ilə bankımızın filiallarına yaxınlaşa bilər”. Bankdan əlavə ediblər ki, müştərilər gün ərzində yalnız bir dəfə 5000 dollar ala bilər. “Bankın bir filialından 5000 ABŞ dolları alan şəxs, həmin gün digər filiallardan dollar ala bilməz”, - deyə məlumatda vurğulanıb.

Dollar satışına məhdudiyyət tətbiq edən “Zaminbank”da bunu tələbin çox olması ilə əlaqələndiriblər: “Dollar var. Amma tələbat çoxdur. Xüsusilə, 28 May ətrafında tələbat yüksəkdir. Buna görə də, 1000 dollardan artıq satış həyata keçirilmir”.

“AccessBank” ASC-yə müraciət edən müştərilər cəmi 5000 ABŞ dolları ala bilib. Müştərilərin sözlərinə inansaq, bank bu məbləğdən artıq dollar satmağı məqsədəuyğun saymır.

“Muganbank” ASC də dolların satışına məhdudiyyət tətbiq edib. Bu bank 500 ABŞ dollarından artıq dollar satmır.

“Bank of Baku” ASC-nin filiallarında 500 manat ekvivalentində , baş idarədə 1000 ABŞ dolları ekvivalentində məbləğ konvertasiya olunur. Bu məhdudiyyət nə vaxta kimi davam edəcək sualına cavab olaraq bankdan bildirilib: “Təəssüf ki, bu barədə hal-hazırda rəsmi və dəqiq məlumat yoxdur”.

“Unibank” ASC isə maksimum 1000 dollar satır. Bankdan bu məhdudiyyətin nə zamana kimi davam edəcəyi barədə məlumat verilməyib.

“Atrabank” ASC-dən isə bildiriblər ki, istənilən müştəri istənilən həcmdə dollar ala bilər. “28 May ətrafında yerləşən valyutadəyişmə məntəqələrimizə müraciət edib dollar ala bilərsiniz. Bununla bağlı heç bir məhdudiyyət yoxdur”, - deyə bankdan qeyd olunub.

Xatırladaq ki, ötən şənbə Azərbaycan Mərkəzi Bankı bəzi kütləvi informasiya vasitələrində valyuta bazarında xarici valyuta qıtlığı olduğu və satışın həyata keçirilmədiyi barədə yayılan məlumatlara dair açıqlama yayıb.

Açıqlamada bildirilib: “Mərkəzi Bankı bildirir ki, həm nağd, həm də qeyri-nağd valyuta üzrə bankların tələbatı tam təmin olunub və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı mövcuddur. Bankların filial və şöbələri, o cümlədən valyuta mübadilə şöbələri nağd xarici valyuta satışını həyata keçirir.

Eyni zamanda bildiririk ki, əhalinin və iqtisadi subyektlərin xarici valyutaya olan tələbatının ödənilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə geniş filial şəbəkəsi olan bankların filial, şöbə və valyuta mübadilə şöbələri adi iş rejimində fəaliyyət göstərir və bazar günü də valyuta satışını davam etdirəcək.

Bəzi bankların filial və şöbələrinin işləməməsi onların daxili reqlamentinə uyğun olaraq müəyyən olunan iş rejimi ilə əlaqədardır.

Eyni zamanda bildiririk ki, Mərkəzi Bank tərəfindən valyuta bazarında vəziyyət nəzarətdədir və mütəmadi monitorinqlər həyata keçirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR