Oqtay Şirəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ümumdünya Səhiyyə Assambleyasının sessiyasında iştirak edib

Oqtay Şirəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ümumdünya Səhiyyə Assambleyasının sessiyasında iştirak edib
# 27 may 2015 15:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. 18-26 may tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Ümumdünya Səhiyyə Assambleyasının 68-cı sessiyası keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə səhiyyə naziri Oqtay Şirəliyevin başçılığı ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Sessiyanın açılış mərasimində məruzəçi qismində çıxış edən Almaniyanın federal kansleri Angela Merkel yeni təzahür edən "Ebola" virus infeksiyasına qarşı inkişaf etmiş ölkələrin maliyyə və texniki yardım, səhiyyə sistemlərinin təkmilləşdirilməsi, qlobal dünyada bütün insanların səhiyyə xidmətləri əldə etmə hüququ, beynəlxalq təşkilatlarla məhsuldar əməkdaşlığın nəticələri haqda danışıb.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Marqaret Çan hesabat məruzəsi ilə çıxış edib. O, təşkilatın son illərdə qazandığı nailiyyətlərdən, infeksion xəstəliklərə qarşı effektiv mübarizə metodlarının tətbiqindən, immunlaşdırma tədbirlərindən, Minilliyin İnkişaf Məqsədlərində səhiyyəyə aid hədəflərin təyini və onlara nail olmaqdan, "AİDS"lə mübarizə metodlarından və antiretroviral müalicənin geniş tətbiq edilməsindən, digər beynəlxalq təşkilatlarla məhsuldar əməkdaşlığın nəticələrindən, bir sıra infeksiyaların tamamilə ləğv edilməsindən söz açıb.

Sessiya çərçivəsində O. Şirəliyev bir sıra görüşlər keçirib. M. Çanla baş tutan görüşdə "Ebola" infeksiyasına qarşı mübarizə və hazırlıq tədbirləri, infeksion xəstəliklərin transmilli sərhədlərdən yayılması və ÜST ekspertlərinin bu sahədə qazandığı müsbət təcrübə məsələləri müzakirə olunub. Görüşün sonunda baş direktor Birinci Avropa Oyunlarının açılış mərasiminə dəvət üçün prezidentə təşəkkür edərək iştirakını təsdiq edib.

Azərbaycan tərəfi Ümumdünya Səhiyyə Assambleyasının 68-ci sessiyasında vərəmə qarşı mübarizə, təbii çiçək virusunun ləğvi, immunoprofilaktika, epilepsiyaya qarşı mübarizə, malyariyanın eliminasiyası, epidemioloji nəzarətə dair çıxışlar edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR