“Bakı Kondisioneri” növbəti dəfə satışa çıxarılıb

“Bakı Kondisioneri” növbəti dəfə satışa çıxarılıb
# 24 avqust 2015 12:14 (UTC +04:00)

Bakı. APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) məişət kondisionerlərinin istehsalı və satışı ilə məşğul olan “Bakı Kondisioneri” (Bakı Kondisioner Zavodu) SC-nin səhmlərinin 90,3%-nin satışı üzrə təkrar investisiya müsabiqəsi elan edib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, şirkətin 869,616 min ədəd səhminin satışı üzrə müsabiqədə yerli və xarici sərmayədarlar iştirak edə bilərlər.

Müsabiqənin qalibi səhmlərə görə, dövlət büdcəsinə ən azı 950 min manat köçürməlidir.

Müsabiqənin qalibi ilə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu andan etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi bəyan edilmiş sərmayənin həcminin 5%-ni 30 gün ərzində şirkətin hesabına, səhmlərə görə müsabiqə təklifində nəzərdə tutulmuş vəsaiti isə 60 gün ərzində dövlət büdcəsinə köçürməlidir.

Müsabiqə iştirakçıları tərəfindən hazırlanan investisiya proqramı beynəlxalq standartlara cavab verən sənaye və məişət kondisionerlərinin istehsalına yönəlməlidir. Bununla əlaqədar proqramda müasir texnologiyaların tətbiqi, istehsal edilən məhsulun keyfiyyətinin yüksəldilməsi və onun çeşidlərinin artırılması, iş yerlərinin bərpası və işçilərin sosial təminatına dair təkliflər, eləcə də bu məqsədlə ayrılan investisiyaların həcmi və müddəti nəzərdə tutulmalıdır.

Müsabiqə üzrə təkliflər 2015-ci il sentyabrın 28-nə qədər qəbul ediləcək. Təkliflər sentyabrın 30-da qiymətləndiriləcək.

Xatırladaq ki, müəssisə 2013-cü ilin aprel ayında investisiya müsabiqəsinə çıxarılsa da, müəssisənin səhmlərinə alıcı tapılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR