Azərbaycanda tikinti materialları istehsalı bir ildə 15% artıb

Azərbaycanda tikinti materialları istehsalı bir ildə 15% artıb
# 19 may 2015 11:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda tikinti materialları istehsalı sahəsində istehsal edilmiş məhsulların həcmi 14,7% artaraq 130,0 mln. manat təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinin statistik hesabatına istinadən verdiyi məlumata görə, bu il Azərbaycanda sement istehsalı ötən illə müqayisədə 9,1% artıb. Belə ki, bu ilin dörd ayında ölkədə 885,9 min ton sement istehsal edilib. Nəticədə bu ilin mayın 1-ə 47,1 min ton hazır məhsul ehtiyatı qalıb.

Bu müddət ərzində 62,9 min ton tikinti gipsi istehsal edilib ki, bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 5,6% çoxdur. Nəticədə bu ilin mayın 1-ə 2,1 min ton hazır məhsul ehtiyatı qalıb.

Bu ilin dörd ayında ölkədə emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatlarının istehsalı 3,1 dəfə artaraq 3 min 622,5 ton olub.

Əvəzində son 1 ildə ölkədə asfalt istehsalı 49,5% azalıb və 61,6 min ton olub. İlin dörd ayı ərzində betondan yığma tikinti konstruksiyaların istehsalı 53,8% azalaraq 5,5 min kubmetr olub. Hörmə üçün hazır beton qarışığının istehsalı 31,4% azalaraq 356,6 min ton təşkil edib.

Yanvar-aprel aylarında tikinti kərpicinin istehsalı da 4,9% azalıb. Belə ki, bu ilin dörd ayında ölkədə 73,6 min kubmetr tikinti kərpici istehsal edilib. Nəticədə bu ilin mayın 1-ə 2,9 min kubmetr hazır məhsul ehtiyatı qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR