Azərbaycanın üç aparıcı holdinqi “SOCAR-Polymer”də səhm alır

Azərbaycanın üç aparıcı holdinqi “SOCAR-Polymer”də səhm alır
# 15 aprel 2015 10:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda keçirilən Azərbaycan-İtaliya işgüzar görüşü zamanı İtaliyanın “Maire Technimont” Mühəndislik Şirkətlər Qrupu və Azərbaycanın “SOCAR-Polymer” arasında dəyəri 350 mln. avro olan Sumqayıt Polipropilen zavodunun inşası layihəsi üzrə müqavilə imzalanıb.

APA-Economics”in məlumatına görə, müqaviləni “SOCAR-Polymer” şirkətinin baş direktoru Fərid Cəfərov və İtaliyanın “Maire Technimont” şirkətinin icraçı direktoru Pieroberto Folsiero tərəfindən imzalanıb.

“Maire Technimont” ilə “SOCAR-Polymer” arasında ilkin mühəndislik çalışmaları həyata keçirilib və Sbit Qiyməli Açar Təslim EPC tipli müqavilə üzrə polipropilen zavodunun və ümumi təsərrüfat blokunun tikilməsi üçün razılaşma əldə olunub. Beynəlxalq hüquq praktikasına uyğun şəkildə tərtib olunmuş EPC tipli müqavilənin ümumi dəyəri 350 mln. avrodur.

Layihə çərçivəsində mühəndislik, təchizat, quraşdırma və tikinti işlərinin görülməsi nəzərdə tutulur.

İllik gücü 180 min ton təşkil edəcək polipropilen zavodu mövcud naftanın krekinqi nəticəsində alınan propilenin xammal kimi istifadə edilməsinə imkan verəcək. Azərbaycanın ilk propilen zavodu olacaq bu müəssisənin Sumqayıt Kimya Sənaye Parkında tikilməsi planlaşdırılır.

Polipropilen-qablaşdırma, tekstil, dəftərxana ləvazimatı, avtomobil komponentləri, elektron və elektrik texnikası və digər məqsədlər üçün istifadə olunan əsas məhsuldur.

Hazırda Azərbaycan polipropilen və yüksək sıxlıqlı polietileni xaricdən idxal edir.

“SOCAR-Polymer” layihəsinin həyata keçirilməsi bu vacib məhsulun ölkəmizdə istehsal olunmasına imkan yaradacaq.

“SOCAR-Polymer” MMC-nin baş direktorun müavini Emil Eminov “APA-Economics”ə bildirib ki, müqavilənin şərtlərinə görə, 2017-ci ilin sonuna polipropilen zavodu tam hazır olmalıdır. 2018-ci ilin sonuna isə polietilen zavodunun inşası başa çatacaq.

“Hazırda tikintinin aparılacağı ərazidə torpaq işləri görülür və inşa işlərinin bu ilin avqust-sentyabr aylarında başlayacağı planlaşdırılır. Tikintinin layihəsi tam hazırdır və tanışlıq üçün İtaliya şirkətinə göndərilib. Layihədə iki zavodun tikintisi - polipropilen və polietilen zavodlarının tikintisi nəzərdə tutulub. Hər iki zavodun və əlavə təsərrüfat, anbarların tikintisi də daxil olmaqla layihənin ümumi dəyəri 700 milyon avrodur”, - deyə E. Eminov bildirib.

Baş direktorun müavini əlavə edib ki, “SOCAR-Polymer” bu layihələrə yönəldəcəyi vəsaiti ötən ilin sonunda Rusiyanın “Qazprombank”ından alıb. Xatırladaq ki, ötən ilin dekabr ayında SOCAR “Qazprombank”dan 420 mln. dolların cəlb edilməsi ilə bağlı müqavilə imzalayıb.

E. Eminovun sözlərinə görə, layihənin əsas səhmdarı SOCAR-dır.

“Bundan başqa, layihəyə ölkənin 3 əsas holdinqi - “PASHA Holding”, “Gilan Holding” və “Azersun Holding” də cəlb olunacaq. Layihənin 40% kapitalını bu şirkətlər ödəyəcək”, - deyə baş direktorun müavini qeyd edib.

O bildirib ki, layihənin maliyyələşdirilməsində heç bir problem olmayacaq və layihə vaxtında icra olunacaq: “Layihədə istehsal olunacaq məhsulların 30%-i yerli bazara çıxarılacaq. Qalan 70% isə “SOCAR-Trading” vasitəsi ilə dünya bazarlarına ixrac olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR