Rustavidə "Salam" Mədəni Xeyriyyə Mərkəzinin təqdimatı keçirilib - FOTO

Rustavidə "Salam" Mədəni Xeyriyyə Mərkəzinin təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 11 aprel 2015 00:13 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu açaraq yeni yaradılan "Salam" Mədəni Xeyriyyə Mərkəzinin üzvləri olan insanların bu təşkilatda birləşməyinin səbəbi yalnız insanlara xidmət etmək, kimsəsizlərə yardım və müxtəlif məqsədyönlü mədəni və xeyriyyəçi planların həyata keçirmək olduğunu bildirib.

Tədbirdə "Salam" Mədəni Xeyriyyə Mərkəzinin sədri Maya Rəcəbova, Qardabani rayon bələdiyyə sədrinin müavini Rəfi Orucov, Gürcüstan Bəstəkarlar İttifaqının Kvemo Kartli bölgəsi üzrə nümayəndəsi, bəstəkar Manana Alpaidze, filologiya üzrə fəlsəfə doktoru, professor Mahmud Hacıxlilov, Rustavi Mədəniyyət Mərkəzinin sədri Xaləddin Yolçuyev, AYB-nin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmət, jurnalist Elman Kələyev, şairlərdən Güllü Tomarova, Şövkət Dağlarqızı, Zərgər Musa, tarixçi-araşdırmaçı Mirzə Məmmədoğlu və başqaları çıxış edərək Rustavi şəhərində "Salam" Xeyriyyə Mərkəzinin fəaliyyətə başlamasını alqışlayaraq uğurlar arzulayıblar.

Sonra Azərbaycanlıların Mədəniyyət Mərkəzində fəaliyyət göstərən "Sarvan" folklor ansamblının üzvləri gürcü və Azərbaycan rəqslərini nümayiş etdiriblər. Tədbirdə Borçalı aşıqlarından Aşıq Elşad Əfəndiyev, Aşıq Şahbaz, Aşıq Nargilə, Aşıq Məsim Rəcəbov və Aşıq Kamandar Başkeçidli aşıq havalarını səsləndiriblər.

"Salam" Xeyriyyə Mərkəzinin sədri seçilən Maya Rəcəbova APA-ya açıqlamasında 15 mindən çox azərbaycanlı yaşayan Rustavi şəhərində xeyriyyə məqsədli bir təşkilatın çoxdan qeydiyyatdan keçməsinə ehtiyac olduğunu bildirib: "Bir qrup şəhər sakini və dostlarımız olan mədəni insanlar bizə məqsədimizə çatmaq üçün yaxından dəstək oldular. Bu günlərdə biz dövlət qeydiyyatından keçdik və bu gün rəsmi şəkildə təqdimatımızı keçirdik. Artıq biz Gürcüstanda rəsmi şəkildə xeyriyyəçi təşkilat kimi fəaliyyətimizi genişləndirəcəyik. Məqsədimiz yalnız xeyriyyəçilik etməkdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR