TürkPA-nın baş katibi: “Türk xalqlarının birliyinin qurulması və inkişafında Azərbaycanın rolu əvəzsizdir”

TürkPA-nın baş katibi: “Türk xalqlarının birliyinin qurulması və inkişafında Azərbaycanın rolu əvəzsizdir”
# 18 dekabr 2014 10:18 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. “Türkdilli ölkələrin xalqları arasında mədəni bağların möhkəmləndirilməsi üçün peşəkar tərcüməçilərin yetişdirilməsinə ehtiyac var. Biz gərək bir-birimizin dilini öyrənək və cəmiyyətlərimizin türkdilli ölkələrin mədəniyyəti və ictimai həyatı barədə davamlı məlumatlanması üçün addımlar ataq”.

APA-nın məlumatına görə, bunu Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov TÜRKSOY Bakıda keçirilən TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiya və Komitələrinin ənənəvi 5-ci iclasında bildirib.

“Qazaxıstan prezidenti Nursultan Nazarbayev təklif edib ki, türkdilli ölkələrin KİV-ləri arasında əlaqələri möhkəmlətmək və koordinasiyanın təşkili üçün vahid media mərkəzi yaradılsın. Hazırda bu istiqamətdə iş gedir. Lakin biz birlikdə çox nailiyyətlər qazanmışıq. Beynəlxalq Türk Akademiyasının yaradılması və mərkəzi ofisi Bakıda yerləşəcək Türk Ümumi Mədəni İrsinin Qorunması Fondunun təsis olunması xalqlarımızın qardaşlıq əlaqələrini daha da möhkəmlədəcək. Azərbaycanın mərhum prezidenti Heydər Əliyev, hazırkı prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva türk dünyasının yaxınlaşması, mədəni irsinin qorunması istiqamətində ciddi addımlar atıblar. Türkdilli ölkələrin UNESCO-dakı əməkdaşlığı da diqqəti çəkir”, - deyə TürkPA-nın baş katibi qeyd edib.

TürkPA-nın daha da güclənməsinin vacibliyinə toxunan J.Asanov xatırladıb ki, bu ildən Azərbaycan assambleyada sədrliyi qəbul edib: “TürkPA-nın fəaliyyətində müsbət dəyişikliklərin olacağına inanırıq. Türk xalqlarının birliyinin qurulması və inkişafında Azərbaycanın rolu əvəzsizdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR