Səməd Seyidov: “Azərbaycanı təcrid etmək cəhdləri iflasa uğradı”

Səməd Seyidov: “Azərbaycanı təcrid etmək cəhdləri iflasa uğradı”
# 02 oktyabr 2015 13:39 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. “Bu sessiya ilə bağlı iki əsas məsələni xüsusilə vurğulamaq lazımdır. Biri birbaşa Azərbaycanla bağlıdır, digəri də bizimlə əlaqəlidir, amma daha çox Avropaya aid olan məsələdir. Birinci məsələ Azərbaycanı Avropanın beynəlxalq strukturlarından və ümumiyyətlə, siyasi arenasından təcrid etmək cəhdlərinin iflasa uğramasıdır. Bu, düşünülmüş bir plan idi və bu planı reallaşdırmaq üçün istifadə olunan hadisə Azərbaycanda keçiriləcək parlament seçkiləri idi”.

APA-nın Avropa bürosunun xəbərinə görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının yekunları barədə danışan Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Mətnin xülasəsi
Biz bu sessiyada hansısa rotasiya əsasında deyil, Monitorinq Komitəsi üzvlərinin yekdilliklə səs verməsi nəticəsində Azərbaycan nümayəndə heyəti rəhbərinin sədr müavini vəzifəsinə təyin edilməsinin şahidi olduq.

S. Seyidov bildirib ki, parlament seçkiləri ilə əlaqədar Azərbaycanı Avropadan, dünyadan, beynəlxalq proseslərdən süni şəkildə izolyasiya etməyə cəhd göstərilib: “Bu cəhdin başında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu dayanırdı. Lakin AŞPA-da Azərbaycanı təcrid etmək və xüsusi olaraq parlament seçkilərindən bir alət kimi istifadə edərək vəziyyəti gərginləşdirmək cəhdləri tamamilə iflasa uğradı. AŞPA-nın qərarı əsasında qurumun böyük bir nümayəndə heyəti Azərbaycana gələcək və parlament seçkilərini müşahidə edəcək. Seçkiqabağı missiya artıq ölkədə olub, indi seçki missiyası gələcək, hazırlayacaqları hesabat yanvar sessiyasında burada dinləniləcək. Hesabatın hansı formada olacağının fərqi yoxdur, təbii ki, hər bir hesabatın içində müsbət tərəflər də olur, mənfi tərəflər də. Sadəcə, burada maraqlı məsələ odur ki, parlament seçkilərindən istifadə edərək Azərbaycanda vəziyyəti düşünülmüş şəkildə gərginləşdirmək, bizə təzyiq göstərmək niyyətləri var idi. Siz özünüz fikirləşin, qısa bir müddət ərzində əvvəlcə Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edir, ondan sonra DTİHB qərar verir və başlayır məsələni gərginləşdirməyə. AP-nin qətnaməsində seçkilərlə bağlı müraciət var və DTİHB bu müraciətə dərhal reaksiya verir, sonra prosesə ATƏT-in Parlament Assambleyası qoşulur və proses zəncirvari gedir. Bu zəncirin qırılması, bu provokasiyanın dayandırılması məhz AŞPA sessiyasında baş verdi”.

S. Seyidov qeyd edib ki, ikinci məsələnin də Azərbaycana aidiyyəti var: “Azərbaycana qarşı ən kəskin mövqedə dayanan, yalan, böhtanla məşğul olan, səhərdən axşama kimi hansısa formada provokasiyalar düşünən şəxslər Avropa Şurası səhnəsindən getməyə başlayıblar. Bu, o deməkdir ki, onların dövrü və apardıqları siyasət özünü doğrultmur. Məsələn, AŞPA sədri Ann Brassör iki il ərzində əlindən gələni etdi ki, Azərbaycanla Avropa Şurasının münasibətləri korlansın. Andreas Qross burada sosialistlərin rəhbəri idi. Dəfələrlə, öz çıxışlarında, təşəbbüslərində anti-Azərbaycan mövqeyindən çıxışlar edən şəxslərdəndir. Yəni AŞ-nın, Avropa strukturlarının içərisində Azərbaycana qarşı yalan, böhtan, provokasiya dolu siyasət aparan şəxslər artıq iflasa uğramağa başlayıblar”.

S. Seyidov sessiya ərzində Azərbaycan nümayəndə heyəti üzvlərinin fəaliyyətinə də toxunub: “Rafael Hüseynov dini azadlıqlarla bağlı məruzə ilə çıxış etdi. Onun təqdim etdiyi mövzu - demokratik cəmiyyətdə dinlərarası münasibətlər və dini dözümlülüklə bağlı məsələ ən yüksək səviyyədə dəstəkləndi, bəyənildi və qəbul olundu. Biz bu sessiyada hansısa rotasiya əsasında deyil, Monitorinq Komitəsi üzvlərinin yekdilliklə səs verməsi nəticəsində Azərbaycan nümayəndə heyəti rəhbərinin sədr müavini vəzifəsinə təyin edilməsinin şahidi olduq. Bu, birbaşa seçkilər nəticəsində Azərbaycana göstərilmiş münasibətdir, özü də Monitorinq Komitəsində. Bu gün Azərbaycan nümayəndə heyətinin üzvləri Sahibə Qafarova və Sevinc Fətəliyeva AŞPA-da məruzəçi kimi çıxış etməyə başlayıblar, belə vəzifələrə təyin olunublar. Bizim bu fəaliyyətimizi Ermənistan nümayəndə heyəti üzvlərinin isterik çıxışlarından da görmək olar. Bu da bir göstəricidir. Səndə arqumentlər bitəndə, məntiq bitəndə, qışqırmağa başlayırsan. Bax, bunlar bu sessiyada qışqırırdılar, amma bu qışqırıq onların öz əleyhinə işləyirdi”.

S. Seyidovun sözlərinə görə, AŞ içərisində böyük bir böhran mövcuddur: “Bu gün problem Azərbaycanın özündə deyil, problem təəssüf ki, AŞ-nin içərisindədir. Məsələn, Rusiya burada öz fəaliyyətini dayandırıb və gəlməkdən imtina edir. Bunlar indi yalvarırlar ki, hansısa formada ruslarla dialoqa başlasınlar. Avropada gedən proseslərə cavabdeh olan bir qurum öz nüfuzunu, təsirini, imkanlarını itirməkdədir. Çox yaxşıdır ki, heç olmaza indi bu proses başa düşülməyə başlayıb. Dediyim kimi, bu vəziyyəti yaratmış insanlar da yavaş-yavaş səhnədən getməyə başlayıblar, onların yerinə başqaları gəlir”.

S. Seyidovun fikrincə, bu sessiya Azərbaycan üzrə iki məruzəçi - Robert Valter və xanım Milisa Markoviçin fəaliyyəti baxımından da çox vacib və əhəmiyyətli olub: “Bilirsiniz ki, bu məruzçilərdən biri birbaşa Dağlıq Qarabağ üzrə, digəri isə Sərsəng su anbarı ilə bağlı qətnamə hazırlayırlar. İl yarım idi Ermənistan bunları ölkəyə buraxmırdı. AŞ rəhbərliyi tərəfindən də ermənilərə heç bir təzyiq yox idi. Ona görə ki, AŞPA rəhbərliyində dediyim o şəxslər dayanmışdı. Bu sessiyada Strasburqda hər iki məruzə üzrə ciddi müzakirələr aparıldı və hər iki məruzə ilə bağlı AŞPA-nın müvafiq komitələri qəti və birmənalı şəkildə qərar çıxardı ki, Ermənistan bu məsələləri təxirə saldığına, məruzəçiləri buraxmadığına görə gunahkardır. Ermənistan məruzəçiləri buraxsa da, buraxmasa da, iki hesabatın ikisi də bu il ərzində yazılıb AŞPA-da müzakirə olunmalıdır və yanvar sessiyasına qədər təqdim edilməlidir” .

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR