AİHM Böyük Palatasının Doğu Perinçəklə bağlı qərarı payızda açıqlana bilər

AİHM Böyük Palatasının Doğu Perinçəklə bağlı qərarı payızda açıqlana bilər
# 03 iyun 2015 09:54 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının Doğu Perinçəklə bağlı qərarı payızda açıqlana bilər. Bunu APA-ya verdiyi açıqlamada Türkiyənin Vətən Partiyasının lideri Doğu Perinçəkin vəkili Mehmet Cengiz deyib. O bildirib ki, qərarın açıqlanması ilin axırına da çəkə bilər: “Qərarın yazılması prosesi davam edir. Biz qeyri-rəsmi yollardan məlumat ala bilirik. 28 yanvardakı məhkəmə iclasının gedişi və qeyri-rəsmi yollardan aldığımız məlumatlar qərarın bizim lehimizə çıxacağına dair inamımızı artırır”.

Qeyd edək ki, Vətən Partiyasının (o vaxtkı İşçi Partiyasının) lideri Doğu Perinçək 23 iyul 2005-ci ildə İsveçrənin Lozan şəhərində keçirilən mitinqdə “Erməni soyqırımı beynəlxalq yalandır!” sözlərinə görə İsveçrə polisi tərəfindən nəzarət altına alınıb. O dövrün xarici işlər naziri Abdulla Gülün isveçrəli həmkarıyla telefon danışığından sonra D. Perinçək sərbəst buraxılsa da, istintaqa ifadə vermək məcburiyyətində qalıb. Məhkəmənin qərarı ilə 3 ay həbs cəzası verilən D. Perinçəkin cəzası daha sonra cərimə ilə əvəzlənib. 2008-ci martında D. Perinçək “Ergenekon” adı verilmiş əməliyyat çərçivəsində həbs edilib. Həmin ilin iyununda vəkil Mehmet Cengiz söz və ifadə azadlığını məhdudlaşdırdığına görə İsveçrə barədə Avropa İnsan Haqları Məhkəməsinə şikayət ərizəsi verib. Strasburq məhkəmənin tələbi ilə Türkiyə Xarici İşlər Nazirliyi 15 sentyabr 2011-ci ildə o dövrün xarici işlər naziri Əhməd Davutoğlunun imzasıyla AİHM-ə Doğu Perinçəkin mövqeyini müdafiə edən məktub göndərib. 17 dekabr 2013-cü ildə Avropa İnsan Haqları Məhkəməsi İsveçrənin “söz və ifadə azadlığını məhdudlaşdırdığına” dair qərar qəbul edib. AİHM-in qərarında həmçinin 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi xarakterizə edilə bilinməyəcəyi qeyd edilib. 2014-cü ilin martında Doğu Perinçək həbsdən azad olunub. AİHM-in qərarından 16 mart 2014-cü ildə apellyasiya şikayəti verən İsveçrənin ərizəsinə Böyük Palatanın 28 yanvar 2015-ci ildə keçirilmiş iclasında baxılıb. Böyük Palata qərarının da müsbət çıxması halında Avropa Şurasına üzv olan ölkələrin parlamentlərinin qəbul etdikləri “erməni soyqırımı” qərarlarının əhəmiyyəti qalmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR