"Azər Türk Bank" regional xidmət şəbəkəsini genişləndirib

"Azər Türk Bank" regional xidmət şəbəkəsini genişləndirib
# 03 sentyabr 2016 11:38 (UTC +04:00)

Bakı - APA-Economics. "Azər Türk Bank" ASC-nin xidmət şəbəkəsinə daha bir filial əlavə olunub. Bu barədə "APA-Economics"ə bankdan məlumat verilib.

Bankın "Masallı" filialı fəaliyyətə başlayıb. Filial prezident İlham Əliyevin iştirakı ilə Masallı şəhərində açılışı gerçəkləşdirilmiş "ASAN Həyat" kompleksində yerləşir.

Filialda bank sahəsində geniş bilik və təcrübəyə malik mütəxəssislər tərəfindən fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli bank xidmətləri göstəriləcək. Bura müxtəlif növ kreditlərin verilməsi, əmanətlərin qəbulu, plastik kartların satışı, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənilməsi kimi müxtəlif çeşidli xidmətlər daxildir. Filial həftə içi hər gün saat 09:30-dan 17:00-a qədər müştərilərin xidmətindədir. “Masallı” filialının əməkdaşları həmçinin "ASAN Həyat" kompleksində yerləşən "ASAN xidmət" mərkəzinin inzibati binasında da müştərilərə xidmət göstərəcəklər. “ASAN xidmət” mərkəzinin inzibati binasında fəaliyyət göstərən əməkdaşların iş rejimi "ASAN xidmət" mərkəzinin iş rejimi ilə uyğunlaşdırılacaq.

Filialın açılmasında məqsəd bu regionda geniş müştəri potensialına "Azər Türk Bank"ın sərfəli məhsul və xidmətlərini təklif etmək, regionun iqtisadi inkişafına dəstək verməkdir. Regional filial şəbəkəsinin genişləndirilməsi bankın müasir inkişaf konsepsiyasında prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bank ölkədə qeyri-neft sektorunun inkişafına yönəlmiş layihələrin maliyyələşdirilməsində iştirak etməklə Azərbaycan iqtisadiyyatının inkişafına töhfələr vermək niyyətindədir.

Qeyd edək ki, bu, "Azər Türk Bankı"nın 2016-cı il ərzində Bakıda və regionlarda istifadəyə verilmiş sayca dördüncü yeni xidmət ofisidir. Bundan əvvəl, Bakı şəhərində bankın 2 saylı şöbəsi, Şirvan şəhərində “Şirvan” filialı, Qəbələ rayonunda “Qəbələ” şöbəsi fəaliyyətə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR