Fransada davam edən iğtişaşlarla əlaqədar paytaxt Paris də daxil olmaqla, beş şəhərin ayrı-ayrı ərazilərində komendant saatı tətbiq edilib.
BFMTV telekanalının məlumatına görə, məhdudiyyətlər Paris, Lill, Vattinyi, Due və Denen şəhərlərini əhatə edir.
Bildirilib ki, ölkənin şimalındakı Nor departamentinin prefekturası Lill, Vattinyi, Due və Denen şəhərlərinin müəyyən rayonlarında komendant saatının tətbiqinə qərar verib.
Məhdudiyyətlər oktyabrın 19-u axşam saatlarından qüvvəyə minəcək və iki gün ərzində yerli vaxtla saat 20:00-dan 06:00-dək davam edəcək.
Qərar dörd şəhərin merləri ilə razılaşdırılıb.
Parisdə isə komendant saatı Respublika meydanında və Le-Al məhəlləsinin bəzi küçələrində tətbiq olunacaq.
Paytaxtda məhdudiyyətlər oktyabrın 19-u saat 22:00-dan oktyabrın 20-si saat 06:00-dək qüvvədə olacaq və həmin ərazilərdə olan bütün vətəndaşlara şamil ediləcək.
Qeyd edək ki, komendant saatının tətbiqi Fransada son günlər baş verən kütləvi etirazlar, talanlar və hüquq-mühafizə orqanları ilə toqquşmalar fonunda həyata keçirilir.
***
20:42
Fransada davam edən kütləvi iğtişaşlar səbəbindən bəzi şəhərlərdə komendant saatının tətbiqinə başlanılıb.
“France 24”ün məlumatına görə, Baş nazir Sebastyen Lekornü departament prefektlərinə zərurət yarandığı halda şəhərlərin ayrı-ayrı ərazilərində komendant saatı tətbiq etmək tapşırığı verib.
Baş nazir böhranın qarşısının alınması ilə bağlı müşavirədən sonra ictimai asayişin bərpasında qətiyyətli olduğunu bildirib.
“Mövcud vəziyyətdə komendant saatının tətbiqi qarşılaşa biləcəyimiz şəraitə daha uyğun tədbir kimi görünür”, – Lekornü vurğulayıb.
Onun sözlərinə görə, iğtişaşlar əsasən şəhər mərkəzlərində cəmləşib və ölkənin bütün ərazisini əhatə etmir.
Bildirilib ki, Fransanın şimalındakı Lill şəhərində artıq komendant saatı tətbiq olunub. Məhdudiyyətlərin qüvvəyə minəcəyi digər ərazilərin xəritəsinin oktyabrın 19-u axşamadək hazırlanması tapşırılıb.
Fransanın ticarət və kiçik biznes naziri Serj Papenin sözlərinə görə, iğtişaşlar nəticəsində azı 3 min sahibkarlıq subyektinə ziyan dəyib. Zərərçəkmiş müəssisələrə xüsusi dəstək fondu vasitəsilə yardım göstəriləcək.
Son həftəsonu keçirilən etiraz aksiyaları zamanı oğurluq və talançılıqda şübhəli bilinən təxminən 2400 nəfər saxlanılıb.