Cenevrədə 28 May - Respublika Günü münasibəti ilə rəsmi qəbul keçirilib

Cenevrədə 28 May - Respublika Günü münasibəti ilə rəsmi qəbul keçirilib
# 29 may 2015 16:08 (UTC +04:00)

Bakı – APA. Cenevrədə 28 May - Respublika Günü münasibəti ilə rəsmi qəbul keçirilib.

Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyindən APA-ya verilən məlumata görə, nümayəndəlik tərəfindən təşkil olunan tədbirdə BMT-nin Cenevrədəki bölməsinin baş direktoru M.Moller, BMT-nin İnsan Hüquqları Şurasının prezidenti Y.Rükker, BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə Regional Ofisinin direktoru Y.Dusik, habelə Cenevrə şəhərində yerləşən digər beynəlxalq təşkilatların rəhbər şəxsləri, BMT-nin Cenevrə bölməsində akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Cenevrə kantonunun rəsmiləri, Cenevrədə yerləşən ali təhsil ocaqlarının müəllimləri, səhiyyə qurumlarının rəhbərləri, İsveçrədə yaşayan soydaşlarımız, gənclər və azərbaycanlı tələbələr iştirak ediblər.

Rəsmi qəbul çərçivəsində ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti, habelə turizm potensialını əks etdirən materiallardan ibarət sərgi təşkil olunub, milli musiqi səsləndirilib, tədbir iştirakçılarına səfir, daimi nümayəndə Murad Nəcəfbəyli tərəfindən Azərbaycanın tarixi və mədəniyyəti, qədim dövlətçilik ənənələri barədə məlumat verilib. Eyni zamanda, tədbir iştirakçılarına ölkəmizin tarixini, mədəniyyətini və incəsənətini, habelə turizm potensialını əks etdirən kitablar, nəşrlər və suvenirlər hədiyyə edilib.

Tədbirdə həmçinin Bakı – 2015 I Avropa Oyunlarının təqdimatı keçirilib. Səfir M. Nəcəfbəyli Oyunlarla bağlı ətraflı məlumat verib, habelə müvafiq slayd-şou və videoçarx nümayiş olunub.

Rəsmi qəbul zamanı qonaqlar Azərbaycanın son illər ərzində bütün sahələrdə inkişaf etməsini yüksək qiymətləndiriblər və Bakı şəhərində keçiriləcək I Avropa Oyunları kimi bir sıra mötəbər beynəlxalq tədbirlərə ölkəmizin ev sahibliyi etməsinin bunun bariz nümunəsi olduğunu qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR