Mərkəzi Bank: Həm nağd, həm də qeyri-nağd valyuta üzrə bankların tələbatı tam təmin olunub

Mərkəzi Bank: Həm nağd, həm də qeyri-nağd valyuta üzrə bankların tələbatı tam təmin olunub
# 25 avqust 2015 11:13 (UTC +04:00)

Bakı – APA. Mərkəzi Bank Azərbaycanın valyuta bazarında xarici valyuta qıtlığının olduğuna dair kütləvi informasiya vasitələrində yayılan məlumatlarla bağlı açıqlama ilə çıxış edib.

Mərkəzi Bankdan APA-ya verilən xəbərə görə, açıqlamada bildirilir:

Son günlər bəzi kütləvi informasiya vasitələrində valyuta bazarında xarici valyuta qıtlığı olduğu və satışın həyata keçirilmədiyi barədə məlumatlar yayılır. Bununla əlaqədar Azərbaycan Respublikası Mərkəzi Bankı bildirir ki, həm nağd, həm də qeyri-nağd valyuta üzrə bankların tələbatı tam təmin olunub və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı mövcuddur. Bankların filial və şöbələri, o cümlədən valyuta mübadilə şöbələri nağd xarici valyuta satışını həyata keçirirlər. Eyni zamanda bildiririk ki, əhalinin və iqtisadi subyektlərin xarici valyutaya olan tələbatının ödənilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə geniş filial şəbəkəsi olan bankların filial, şöbə və valyuta mübadilə şöbələri adi iş rejimində fəaliyyət göstərir və bazar günü də valyuta satışını davam etdirəcəklər. Bəzi bankların filial və şöbələrinin işləməməsi onların daxili reqlamentinə uyğun olaraq müəyyən olunan iş rejimi ilə əlaqədardır. Eyni zamanda bildiririk ki, Mərkəzi Bank tərəfindən valyuta bazarında vəziyyət nəzarətdədir və mütəmadi monitorinqlər həyata keçirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR