VII Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı keçiriləcək

VII Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı keçiriləcək
# 23 iyun 2016 12:41 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı keçiriləcək. İttifaqın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir 27 iyun – 1 iyul tarixlərində gerçəkləşəcək.

VII Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün müxtəlif ölkələrdən – o cümlədən, Türkiyə, İran, Yaponiya, Özbəkistan, Moldova, Tatarıstan, Başqırdıstan, Monqolustan, Qırğızıstan, Qazaxıstan, Saha-Yakutiya, Tuva və Türkmənistandan ifaçılar dəvət olunub. Xarici ifaçılarla yanaşı festivalda F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri iştirak edəcək.

Festivalın açılış günündə Şəki Yay Teatrında TÜRKSOY-un xalq çalğı alətləri ansamblının konserti təqdim olunacaq.

Festivalın konsert proqramında Yaponiyanın “Vas-Liqa” musiqi ansamblı və İran İslam Respublikasının “Təbriz” musiqi ansamblı da təmsil olunub.

Tədbirin sonuncu günündə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, xalq artisti Ağaverdi Paşayevlə görüş keçiriləcək və həmin kollektivlərin ifasında festivalın yekun konserti təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR