Market Meyker müqaviləsi çərçivəsində görülən işlər artır

Market Meyker müqaviləsi çərçivəsində görülən işlər artır
# 15 iyul 2014 12:32 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bir neçə ay öncə Bakı Fond Birjası (BFB) ilə “InvestAZ” şirkəti arasında Foreks və CFD alətlərinin likvidliyinin təmin edilməsi üzrə müqavilə imzalanıb.

APA-Economics”in məlumatına görə, bu müqavilə çərçivəsində BFB və “InvestAZ” şirkəti artıq 3 bankla ikitərəfli müqavilələr imzalayaraq onlarla sözü gedən maliyyə alətləri üzrə likvidlik təminatçısı kimi iştirak etməyə başlayıb.

“InvestAZ” şirkətindən bildiriblər ki, artıq banklar əməliyyatların nə qədər şəffaf, hesablaşmaların nə qədər rahat və etibarlı şəkildə reallaşdığının da şahidi olurlar. Bank müştəriləri tərəfindən bu məhsula maraq getdikcə artır və yüksək xidmətin nəticəsi olaraq onların bazarda qalıcılıq müddəti də bir o qədər uzanır. Bu yeni növ xidmətin verilməsi artıq banklar üçün digər bank məhsullarının yanında alternativ gəlir mənbəyinə çevrilməyə və öz xüsusi çəkisini artırmağa başlayıb. Belə ki, son 3 aylıq dövriyyə təqribən 1 mlrd. ABŞ dolları ekvivalenti dəyərində ölçülür (Qeyd: Həcmlər 1:100 kredit dəstəyini nəzərə almaqla hesablanıb).

“InvestAZ” şirkəti qeyd edir ki, işlər davam etdirilir və digər banklarla da mütəmadi danışıqlar aparılır. Sözsüz ki, hər bir bank istər məhsul çeşidinin artırılması, istərsə də gəlirlərin diversifikasiyası nöqteyi-nəzərindən bu xidməti verməyin üstünlüyünü dərk edirlər. Gələcəkdə “InvestAZ” bu platforma vasitəsi ilə digər maliyyə alətlərinin, məsələn beynəlxalq strukturlaşdırılmış fərq müqavilələri üzrə likvidliyinin təmin olunmasının mümkünlüyünü önə çıxarır.

Qeyd edək ki, müqaviləyə əsasən “InvestAZ” şirkəti BFB tərəfindən təqdim edilən MetaTrader 4 ticarət platformasında foreks maliyyə alətləri, həmçinin qiymətli metal və digər əmtəələr üzrə fərq müqavilələrinin bağlanılması zamanı likvidliyin təminatçısı (market meyker) qismində çıxış edir.

Bununla da BFB tərəfindən təqdim edilən yeni platformada likvidlik təminatçısı tərəfindən ilkin olaraq 47 valyuta cütlüyü və 3 fərq müqaviləsi üzrə gündəlik olaraq alış və satış kotirovkaları təqdim edilir və “InvestAZ” gündəlik 24/5 rejimində sifarişləri qəbul edərək, əqdləri icra etməkdə öhdəlik daşıyır. Qeyd edək ki, bağlanılmış əqdlər üzrə hesablaşmaların likvidlik təminatçısı tərəfindən ölkə daxilində aparılması nəzərdə tutulub.

Qeyd edək ki, BFB-nin təqdim etdiyi ticarət platforması Azərbaycanda FOREX ticarəti üzrə yeni standartları müəyyən edilir. Bu yenilik beynəlxalq maliyyə bazarlarında da maraqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR