"Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərlikləri istifadəyə yararsızdır".
APA-nın xəbərinə görə, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib.
O bildirib ki, çimərlik mövsümünün başlanması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə çimərlik sahələrində monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb: "Analizlərin nəticələrinə görə, Xəzər rayonu Türkan, Suraxanı rayonu Hövsan, Səbail rayonu Şıx, Qaradağ rayonu Sahil qəsəbəsinin və Sumqayıtın çimərliklərində zərərli maddələrin miqdarı normadan artıqdır. Bu səbəbdən vətəndaşların qeyd olunan çimərliklərdən istifadə etmələri məqsədəuyğun deyil. Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zuğulba, Şüvəlan və Buzovna çimərlikləri isə çimərlik kimi istifadəyə yararlıdır. Hazırda Xəzər dənizinin Cənub və Şimal bölgələrində də monitorinqlər həyata keçirilir, su və dib çöküntüləri nümunələri üzərində təhlillər aparılır".
Ə.Həsənov bildirib ki, bəzi çimərliklərdə çirklənmə o həddə çatıb ki, insanların orada çimməsi təhlükəlidir: "Xəzər dənizinin çirkləndirilməsinin fəsadları və əhaliyə birbaşa təsirləri indi, çimərlik mövsümünün başlaması ilə daha qabarıq görünür. Xəzərin çirkləndirilməsinin qarşısının alınması üçün hüquqi və fiziki şəxslərə, obyekt sahiblərinə etdiyimiz çağırışların, xəbərdarlıqların məqsədi yəqin ki, indi daha da aydın görünür. Çağırış edəndə ki, tullantı sularını dənizə axıtmayın, təmizləyici qurğular quraşdırın, məqsədimiz bu idi ki, insanlarımız təmiz çimərliklərdə istirahət etsinlər. Təəssüf ki, bu gün nəticələr elə də ürəkaçan deyil. Amma reallıq budur ki, bəzi çimərliklərin suyunun təmizliyi qənaətbəxş deyil. Dənizi çirkləndirənlər bilməlidirlər ki, onların yaxınları da dənizdə istirahət edəcək və çimmək istəyəcək. Heç olmasa, bundan sonra öz işlərində dönüş yaratsınlar, çirkab suları təmizləmədən dənizə axıtmasınlar".
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə deyib ki, Abşeron rayonunda may ayının 5-dən başlayaraq dəniz suyundan bir neçə dəfə təkrar nümunələr götürülüb və analiz olunub. Onun sözlərinə görə, Nabran, Türkan, Hövsan ərazisindən götürülən nümunələrin laborator müayinəsi davam edir və qısa müddətdə nəticələr açıqlanacaq: "Xəzər rayonu Türkan, Suraxanı rayonu Hövsan, Səbail rayonu Şıx, Qaradağ rayonu Sahil qəsəbəsinin və Sumqayıtın çimərliklərinin istifadə yararsız olmasına səbəb orada yaşayış yerlərindən məişət çirkab sularının birbaşa dənizə axıdılması ilə bağlıdır. Son 10 illə müqayisədə bu istiqamətdə nisbətən yaxşılaşma var. Yəqin yaxın illərdə o ərazilərin aylarında da dəyişiklik hiss edəcəyik".
Z.Kazımov bildirib ki, dəniz suyunun çirklənməsinin qarşısını almaq üçün yeni tipli təmizləyici qurğuların tikilməsi nəzərdə tutulur: "Ölkə ərazisində kanalizasiya, su xətləri yenidən qurulur. Yaxın dövrdə dövlət proqramına uyğun çirkləndiricilərin qarşısı alınacaq".