“Azərbaycana rəsmi səfərimiz çərçivəsində keçirilən görüşlərdə iki ölkə arasında fəal və dinamik şəkildə inkişaf edən ticari-iqtisadi əlaqələri müzakirə etdik”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili deyib.
Onun sözlərinə görə, görüşlər zamanı Gürcüstanla Azərbaycan arasındakı münasibətlərdə mövcud dinamikanı daha da gücləndirəcək yeni imkanlar nəzərdən keçirilib.
“Xüsusi diqqət ticarət, investisiyaların cəlb edilməsi və enerji sektorunda sıx əməkdaşlığın dərinləşdirilməsinə yetirildi. Bizi bu sahələrdə Azərbaycanla çox fəal tərəfdaşlıq birləşdirir”, - deyə nazir əlavə edib.
Mariam Kvrivişvili qeyd edib ki, Azərbaycana rəsmi səfəri iki ölkə arasında mövcud olan müsbət ticari-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinə töhfə verəcək.