Azərbaycan XİN: Separatçı rejimin keçirdiyi “seçki”lərin heç bir hüquqi qüvvəsi ola bilməz

Azərbaycan XİN: Separatçı rejimin keçirdiyi “seçki”lərin heç bir hüquqi qüvvəsi ola bilməz
# 27 fevral 2015 09:40 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova – APA. Azərbaycan Xarici İşlər Nazirliyi işğal altındakı Dağlıq Qarabağda 3 may 2015-ci il tarixində separatçı rejim tərəfindən keçirilməsi planlaşdırılan “parlament seçkiləri” ilə bağlı bəyanat yayıb.

APA-nın xəbərə görə, bəyanatda Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin təcavüz və irqi ayrı-seçkiliyin mütləq nəticəsi olduğu bir daha vurğulanır: “Bu rejim Ermənistanın idarəçiliyi və nəzarəti altındadır. Ermənistanın Azərbaycana qarşı müharibəyə başladığı və zordan istifadə edərək Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi və bir milyondan artıq azərbaycanlını öz doğma torpaqlarından didərgin salaraq etnik təmizləmə həyata keçirdiyi və digər ağır cinayətlər törətdiyi hamıya yaxşı məlumdur. Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı zor tətbiqini və Azərbaycan ərazilərinin işğalını ardıcıl olaraq kəskin şəkildə tənqid edib. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən Azərbaycan ərazilərinin işğalını pisləyən və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti bir daha təsdiq edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul olunub. Bu qətnamələrdə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ regionunu Azərbaycanın tərkib hissəsi kimi tanıdığını təsdiqləyir və işğalçı qoşunların Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Digər beynəlxalq təşkilatlar da bənzər mövqe ortaya qoyublar”.

Bəyanatda bildirilir ki, Azərbaycan ərazilərinin hərbi işğalı və etnik təmizləmənin davam etdiyi zəmində qondarma separatçı rejimin strukturlarına “seçki”lərin keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və buna görə də bu “seçki”lərin heç bir hüquqi qüvvəsi ola bilməz: “Ermənistan işğal edilmiş Azərbaycan ərazilərini ilhaq etməyə müyəssər ola bilməyəcək. Davamlı və uzunmüddətli nizamlanmaya nail olunmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsi və bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin qurulmasıdır. Azərbaycan Respublikası bir daha Ermənistan tərəfini əbəs yerə vaxt itirmək və öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə, təcavüz və etnik təmizləmə siyasətinə son qoymağa və münaqişənin nizamlanması prosesinə konstruktiv şəkildə iştirak etməyə və beynəlxalq öhdəliklərinə əməl etməyə çağırır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR