DSMF sədri Ağcabədidə vətəndaşları qəbul edib

DSMF sədri Ağcabədidə vətəndaşları qəbul edib
# 19 noyabr 2015 09:43 (UTC +04:00)

Bakı - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar ilə qəbul keçirib.

APA-Economics”in xəbərinə görə, Ağcabədi, Beyləqan, Bərdə, Zərdab və Laçın rayonlarının sakinləri əsasən pensiya təyinatı, əmək pensiyası növünün dəyişdirilməsi, pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, o cümlədən başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin, eləcə də müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına daxil edilməsi ilə bağlı müraciətlər ediblər.

Qəbul zamanı ümumilikdə 30-dək vətəndaşın müraciətinə baxılıb. “Açıq qapı” şəraitində davam etdirilən görüşdə hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verilib.

Qəbul zamanı fondun səlahiyyətlərinə aid olmayan məsələlərə dair vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyatı orqanlara müraciət edilməsi qərara alınıb.

E. Mehdiyev jurnalistlərin suallarını cavablandırılarkən hərbiçilərin və xüsusi rütbəli şəxslərin pensiya yaşının artırılması məsələsinə də aydınlıq gətirib. “Hazırda biz qanunvericiliyə dəyişiklik ilkin layihəsi üzərində işləyirik. Burda bir sıra variantlar nəzərdən keçirilir. Konkret olaraq sonda hansı qanun qəbul olunacağı hələ məlum deyil. Yəqin ki, mərhələlərə uyğun olaraq biz ictimaiyyəti ətraflı məlumatlandıracağıq”.

Sədr həmçinin onu da əlavə etdi ki, DSMF-nin avtomatlaşdırılmış sistemi gündəlik iş rejimində fəaliyyətini davam etdirir: “İstər sosial sığorta haqlarının toplanması fərdi uçotu istər əhaliyə pensiya təminatı məsələləri ilə bağlı avtomatlaşdırılmış sistemlə xidmətlərimizi genişləndiririk. Ötən dövr ərzində DSMF-nin əhaliyə göstərdiyi elektron xidmətlərinin 2 milyondan artıq istifadə sayı qeydiyyata alınıb. Və bu hesaba yazılı formada Fondun aparatına daxil ola müraciətlərdən 28 faizi azalıb. Təkcə son bir il ərzində 1 yeni elektron xidmətin istifadəyə verilməsi bu sahədə göstəricilərimizin inkişafına bir başa təsir edib və hazırda da istər fondun yeni istifadəyə verilmiş Çağrı mərkəzi istərsə də elektron xidmətləri vasitəsi ilə xidmət göstərməsi prosesi gündəlik rejimdə davam etdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR