Azərbaycanda kütləvi sayda işçini müqaviləsiz işlədən sahibkarlar azadlıqdan məhrum edilə bilər

Azərbaycanda kütləvi sayda işçini müqaviləsiz işlədən sahibkarlar azadlıqdan məhrum edilə bilər
# 14 avqust 2014 09:48 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, müraciətdə ƏƏSMN işəgötürənləri əmək müqaviləsi bildirişlərini elektron informasiya sisteminə daxil etməyə çağırıb.

Müraciətdə bildirilib ki, təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün işəgötürənlər (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla) əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı elektron informasiya sistemində əmək müqaviləsi bildirişini qeydiyyatdan keçirməlidirlər.

Əmək müqaviləsi bildirişi elektron informasiya sistemində qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir.

Qeyd edək ki, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş elektron imzası olmalıdır.

ƏƏSMN bildirir ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000 manatdan 3000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər 20 000 manatdan 25 000 manatadək miqdarda cərimə edilir.

Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7000 manatdan 10 000 manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu maddədə “xeyli” sayda dedikdə, on nəfər və ondan çox olan işçinin sayı nəzərdə tutulur.

Eyni zamanda, Vergilər Məcəlləsinin 58.10-cu maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Bütün bunları əsas gətirən ƏƏSMN işəgötürənlərdən öhdəliklərini yerinə yetirməyi tələb edib. Nazirlik bəyan edib ki, işəgötürənlərə köməklik göstərilməsi məqsədi ilə region üzrə Dövlət Əmək Müfəttişliklərində Yardımçı masaları və işçi qrupları yaradılıb. Bundan əlavə, nazirliyin "142 Çağrı mərkəzi" əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi ilə bağlı məlumatlandırma funksiyalarını gücləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR