DSMF sədri İranın kooperasiya, əmək və sosial rifah naziri ilə görüşüb

DSMF sədri İranın kooperasiya, əmək və sosial rifah naziri ilə görüşüb
# 16 aprel 2015 15:13 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Azərbaycanda səfərdə olan İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı Azərbaycanın sığorta-pensiya sistemi, bu sahədə həyata keçirilməsi nəzərdə tutulan islahatlar, habelə gələcək əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparılıb.

E. Mehdiyev Fondun fəaliyyəti və ölkəmizdə davam etdirilən sığorta-pensiya islahatları barədə ətraflı məlumat verib.

DSMF sədri ötən dövr ərzində Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasət və sürətli islahatların həyata keçirildiyini vurğulayaraq qeyd edib ki, Azərbaycanda bazar iqtisadiyyatının tələblərinə uyğun gerçəkləşdirilən islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyasının icrası nəticəsində sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub və iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsini təmin etməkdədir. Ölkəmizdə vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən, pensiyaların məbləğinin sistemə ödənilmiş sosial sığorta haqlarına bağlı olduğu, müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sisteminin formalaşdırılması nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunub. Azərbaycanın müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatdakı əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulub ki, bu şəraitdə ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan əmək haqlarının artımı pensiya artımlarını da şərtləndirir. Pensiyaların və fərdi hesablara toplanan sosial sığorta kapitallarının inflyasiya nəzərə alınmaqla hər il indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunmasını təmin edir. Bunun nəticəsində ölkəmizdə iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi ilə uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən çevik modeli fəaliyyət göstərir ki, bu əsasda formalaşan DSMF-nin büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi mexanizmini ifadə edir. Həmin mexanizmin çevik fəaliyyəti nəticəsində ölkədəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin açılması və qeydiyyatın gücləndirilməsi hesabına son 10 il ərzində DSMF-nin büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 6,3 dəfə artaraq 1 milyard 745 milyon manata çatdırılıb. Bu artımlar, eləcə də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ayrılan əlavə dövlət dəstəyi hesabına pensiya xərclərinin ölkənin ÜDM-ə olan nisbəti əhəmiyyətli şəkildə yüksəlib, 2003-cü ildə 3,9% təşkil etdiyi halda, 2014-ci ildə 4,6%-ə çatıb.

Ölkəmizdə qurulmuş müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə bir tərəfdən əmək fəaliyyəti göstərən 3 mln. 40 min nəfərdən çox şəxsin fərdi uçot əsasında bilavasitə öz gələcək pensiya təminatının iştirakçısına çevrilməsi, digər tərəfdən isə sığorta-pensiya sistemindəki bir sıra əlavə hüquq və imtiyazların demoqrafik göstəricilərə uyğunlaşdırılması, pensiya hüququ üzrə yaş və staja olan tələbin tənzimlənməsinə dair vaxtında qəbul edilmiş düzgün preventiv qərarlar sistemin maliyyə dayanıqlığı və islahatların davamı üçün əlverişli şəraiti təmin edib. Bütün bunlar dünyada iqtisadi böhranın sosial mərhələsinin davam etdiyi hazırkı şəraitdə Azərbaycanda pensiya proqramlarının vaxtında və tam icra edilməsinə birbaşa təsir göstərməkdədir.

Ölkədə yoxsulluq probleminin aradan qaldırılmasının mühüm vasitələrindən biri kimi pensiyaların davamlı artırılmasına dair Azərbaycan prezidentin qəbul etdiyi ardıcıl qərarların nəticəsində pensiyaların orta aylıq məbləği hazırda pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunub. 2003-cü illə müqayisədə əmək pensiyalarının orta aylıq məbləği 9,5 dəfə artaraq 18,4 manatdan hazırda 175 manata, yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 44 faizə çatdırılıb.

E. Mehdiyev bildirib ki, bütün bunlarla yanaşı, Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir. Çünki beynəlxalq təcrübə bir daha təsdiq edir ki, pensiya sistemlərinin səmərəliliyi, bu sistemlərin hazırkı cəlbediciliyi və sosial imtiyazlar təqdim etməsi ilə deyil, uzunmüddətli perspektiv üçün maliyyə dayanıqlığına malik olmaları ilə ölçülür.

Görüş zamanı qeyd olundu ki, ölkəmizdə pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəfləri Azərbaycan prezidentin 4 noyabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda müəyyən olunub. Pensiya islahatı konsepsiyasının əhəmiyyətindən söz açan DSMF sədri sənədin ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olması məqsədi daşıdığını vurğulayıb.

Həmçinin bildirilib ki, yaranmış yeni sosial-iqtisadi şəraitə uyğun olaraq pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlığına nail olunması, pensiya təminatının vətəndaşların sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməsi növbəti mərhələdə islahatın əsas məqsədini təşkil edir. Bunlara nail olmaq üçün pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi və təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi, sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması, əmək pensiyalarının könüllü yığım komponentinin real praktikada tətbiqi və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması islahatın əsas vəzifələri kimi çıxış edir.

DSMF sədri qeyd edib ki, Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrası təyin olunan pensiya məbləği ilə ödənilən sığorta haqqının məbləğinin uyğunluq təşkil etməsinə, pensiya təminatı sistemində yığım potensialının və sosial ədalətin güclənməsinə imkan verəcəkdir. Bununla yanaşı, pensiya təminatı sistemi ilə bağlı qanunvericilikdə sosial sığortaya dair prinsiplər daha da təkmilləşdiriləcək, sistemin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunacaqdır.

İranın kooperasiya, əmək və sosial rifah naziri Azərbaycanın qabaqcıl dünya təcrübəsinə uyğun qurulmuş sığorta-pensiya sistemində görülən işləri, əldə olunmuş nailiyyətləri yüksək dəyərləndirərək bunun ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Görüşdə həmçinin İranın nümayəndə heyətinin sualları cavablandırılıb, hər iki qurumun fəaliyyət təcrübəsi barədə qarşılıqlı məlumatlar verilib, gələcək əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR