Mədəniyət sahəsində milli azlıqların, mədəni müxtəlifliklərinin vəziyyəti ilə bağlı dövlət monitorinqi aparılacaq

Mədəniyət sahəsində milli azlıqların, mədəni müxtəlifliklərinin vəziyyəti ilə bağlı dövlət monitorinqi aparılacaq
# 17 may 2015 14:36 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasında mədəniyyət müəssisələrindən və mədəni sərvətlərdən istifadə etmək hüququ dövlət tərəfindən təmin edilir və bu məqsədlə dövlət tərəfindən “Mədəniyyət haqqında” qanuna uyğun olaraq mədəniyyət sahəsində dövlət monitorinqi aparılır.

Mədəniyyət sahəsində dövlət monitorinqinin məqsədi mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsinin cari vəziyyətinin öyrənilməsi, çatışmazlıqların və həyata keçiriləcək dövlət mədəniyyət siyasəti istiqamətlərinin və mədəniyyət siyasəti tədbirlərinin müəyyən edilməsidir. Azərbaycanda mədəniyyət sahəsində dövlət monitorinqi Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilir. Mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarından ibarət daimi fəaliyyət göstərən komissiyalar yaradılır.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində isə dövlət monitorinqinin həyata keçirilməsi məqsədi ilə İdarənin əməkdaşlarından ibarət daimi fəaliyyət göstərən komissiya yaradılır. Mədəniyyət sahəsində dövlət monitorinqinin müşahidələrindən asılı olaraq komissiyanın tərkibində zərurət yarandıqda müvafiq mütəxəssislər, qeyri-hökumət təşkilatlarının, o cümlədən yaradıcılıq birliklərinin nümayəndələrindən ibarət yardımçı işçi qrupu yaradıla bilər. Yardımçı işçi qrupunun üzvlərinin əmək fəaliyyəti Əmək Məcəlləsi ilə tənzimlənir.

Mədəniyyət sahəsində dövlət monitorinqi mədəni sərvətlərin istifadəsinin və cari vəziyyətinin, mədəniyyət sənayesinin vəziyyətinin, mədəniyyət məhsullarının və xidmətlərinin kəmiyyətinin və keyfiyyətinin, maddi və qeyri-maddi mədəni irs obyektlərinin vəziyyətinə və istifadə qaydalarına riayət olunmasının, milli azlıqların, mədəni müxtəlifliklərinin vəziyyətinin, mədəniyyət sahələrində idarəetmə, kadr, maddi və texniki təchizatın cari vəziyyətinin, mədəniyyət sahəsində elm və təhsil müəssisələrində təhsil prosesinin və tədris proqramlarının müşahidələrindən ibarətdir.

Mədəniyyət sahəsində dövlət monitorinqi planlı (növbəti) və plandankənar (növbədənkənar) qaydada həyata keçirilir. Mədəniyyət sahəsində dövlət monitorinqi ildə 1 dəfə həyata keçirilir. Mədəniyyət sahəsində dövlət monitorinqi başlandığı tarixdən etibarən 1 aydan çox davam edə bilməz. Dövlət orqanlarının, təşkilatlarının, habelə fiziki və hüquqi şəxslərin müraciətlərinə əsasən təcili və təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti müəyyən edildikdə, mədəniyyət sahəsində dövlət monitorinqi plandankənar (növbədənkənar) qaydada həyata keçirilir.

Mədəniyyət sahəsində dövlət monitorinqinin aparılması məqsədi ilə Nazirlik tərəfindən mədəniyyət sahəsində elektron məlumat sistemi yaradılır. Elektron məlumat sistemində göstərilən məlumatlar ictimaiyyətin irad və təklifləri üçün açıq olmalıdır. Mədəniyyət sahəsində həyata keçirilən dövlət monitorinqinin nəticələri əsasında komissiya tərəfindən hesabat tərtib olunur. Tərtib olunmuş hesabat komissiya tərəfindən Nazirliyə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində İdarəyə müvafiq tədbirlərin görülməsi üçün təqdim edilir. Nazirliyə və İdarəyə təqdim olunmuş hesabat əsasında hər hansı bir dəyişiklik aparılmasına ehtiyac olarsa, o zaman Nazirlik və İdarə tərəfindən təkliflər hazırlanaraq ictimaiyyətin rəy və təklifləri nəzərə alınmaqla, eləcə də aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla, müvafiq qərar qəbul olunması üçün Nazirlər Kabinetinə təqdim edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR