Azərbaycan ATƏT PA prezidentinin bəyanatını alqışlayıb

Azərbaycan ATƏT PA prezidentinin bəyanatını alqışlayıb
# 20 noyabr 2015 07:40 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi ATƏT PA-nın prezidenti İlkka Kanervanın Daimi Şuraya müraciətini alqışlayır.”

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin Daimi Şuranın 1078 saylı iclası ilə bağlı yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, Azərbaycan ATƏT məkanında etimad tədbirlərinə xidmət edən parlamentlərarası əməkdaşlığı dəstəkləyir: “Məhz bu çərçivədə biz assambleyanın 2014-cü ildə keçirilən illik iclasına ev sahibliyi etmiş və Parlament Assambleyası ilə əməkdaşlığı dərinləşdirməyə hazır olduğumuzu ifadə etmişdik. Eyni qaydada, biz noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmək üçün Parlament Assambleyasına dəvət göndərmişdik. Təəssüf ki, assambleya ATƏT-ə üzv dövlətin bu təklifini rədd etdi və əvəzinə DTİHB-nin qurumun mandatına uyğun olmayan birtərəfli qərarına əməl etdi”.

Bununla yanaşı, sənəddə Azərbaycanın assambleyanın ATƏT məkanında "dondurulmuş" münaqişələrin dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsasında həllini dəstəkləməsi ilə bağlı ardıcıl mövqeyini alqışladığı vurğulanır.

Qeyd edək ki, ATƏT Parlament Assambelyasının prezidenti İlkka Kanevra Daimi Şuranın noyabrın 19-da keçirilən iclasında ATƏT-i Azərbaycanda ofisini bərpa etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR